Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 22-23 iyun tarixlərində ölkə ərazisində müşahidə edilən küləyin sürəti ilə bağlı məlumat yayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi iyunun 22-23-də bəzi Kür vadisi rayonlarda, eləcə də ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda küləyin maksimal sürəti 18-26 m/s-yə çatıb.
Bakıda və Abşeron yarımadasında isə küləyin sürəti 30-32 m/s-dək güclənib.
Bunun nəticəsində son günlər ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti nəticəsində Bakının atmosfer havasında tozun miqdarı normadan 1,2-1,6 dəfə çoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mərkəz rəisi Elcan Yuniszadə açıqlamasında deyib ki, paytaxtın 9 məntəqəsində atmosfer havasının yoxlanılması ilə bağlı gündəlik olaraq 3 dəfə monitorinqlər keçirilir. Onun sözlərinə görə, son günlərdə paytaxtda tozun miqdarı normadan artıqdır:
“Bakıda havada tozun qatılıq həddi 0,5 mq/kubmetr olmalıdır. Amma bu gün bu göstərici normadan artıqdır və atmosferdə tozun miqdarı 1,2-1,6 dəfə çoxdur. Tozun miqdarının artıq olması küləkli havalarda daha çox özünü biruzə verir. Şəhərdə tikinti-abadlıq, müəyyən təmir işləri aparılır ki, bu da küləkli havada tozlanmaya səbəb olur. Hazırda paytaxtda şimal-qərb küləyinin əsməsi toz qatının artmasına daha çox təsir edir”.