Bakı bulvarında insanları təəccübləndirən bir ukraynalı var.
Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, Kostya Ridaç artıq bir həftədir Bakıdadır. İndi buradan Hindistana getməyi planlaşdırır.
Kostya bir həftəyə yaxındır ki, Türkiyədən Bakıya gəlib. Əslən Ukraynadan olan Kostyanın Bakıya gəlməsinə səbəb buradan Hindistana getmək istəməsidir.
Ailəsi ilə birlikdə Kiyevdə yaşayan Kostya bir neçə ay əvvəl dünya turuna çıxıb. Ukraynada bu gün müşahidə və ətrafında müzakirə və mübahisələr apardığımız hadisələr baş verməmişdən əvvəl Kiyevi tərk edən Kostya əvvəlcə Moskvaya, oradan isə Türkiyəyə gedib. Hələ ki son məskən saldığı ölkə Azərbaycandır.
Kostya səfərinin məqsədinin bacardığı qədər dünya ölkələrini gəzmək olduğunu dedi.
Dünyanı gəzmək istəyən Kostyanın uzun zamanlardı görmək üçün xəyalını qurduğu Hindistana getməkdə məqsədi rəqs edib, nağara çalıb pul qazanmaq, ən azı orada 6-7 ay qalmaq və yerli insanları yaxından tanımaqdır.
Kostya başqa ölkələrdə rahatlıqla yaşaya bilir. Səbəb isə düşdüyü məkana rahatlıqla uyğunlaşmasıdır. Bakıda yerli sakinlərin münasibətindən razı olduğunu deyən Kostya elə burada tanış olduğu azərbaycanlı gənclərin evində qaldığını deyir. Həmin gənclərlə sosial şəbəkələrdə tanış olan Kostya Bakıya gəldikdə gənclərlə görüşüb. Onlara məqsədini və niyyətini izah edib. Gənclər də onu öz evində qonaq edib.
Kostya Hindistana təyyarə ilə getmək istəyir. Bunun üçün isə ona 600 dollar lazımdır. Bir həftədir Bakıda olan Kostya paytaxtda yerləşən parklarda baraban çalmaqla lazım olan məbləğin çoxunu - 500 dollarını qazanıb. Amma...
Amma Kostya Filarmoniya bağında baraban çalıb pul toplayarkən polislər tərəfindən qovulub. O, sonra üzünü Milli Parka tutub.
Kostya bizimlə söhbətində bunu təəccüblə qarşıladığını söylədi. O deyir ki, bura gələnə qədər məskən saldığı şəhərlərdə bu hadisə ilə heç vaxt rastlaşmayıb.
Qeyd edək ki, Kostya baraban çalmağı yaxşı bacarmır. Sadəcə olaraq bir neçə musiqi ifa edə bilir. Bir də 2-3 akrobatik hərəkət edə bilir. Sadəcə insanların diqqətini çəkməyi yaxşı bacarır.
Maraqlı bir məqamı da qeyd etmək lazımdır ki, Kostya bütün yol xərclərini bu şəkildə - baraban çalıb rəqs etməklə qazanıb.
Kostya bir gün sonra Bakını tərk edəcək. Təyyarə biletini almaq üçün vizasını gözləyir. Buna qədər isə bulvarda baraban çalıb, pul toplamağa davam edəcək.
Kostyadan vətəni Ukraynada baş verənlərlə bağlı fikirlərini də öyrəndik. Onun sözlərinə görə, Rusiya Ukraynanı müdafiə etməyə çalışır. Baş verən hadisələrin səbəbkarı isə ABŞ-dır. Kostya da Ukraynanın Rusiyaya bağlı olmasının tərəfdarlarındandır...