Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda nəyə görə üzvi məhsullar azdır?
Bu gün Azərbaycanda üzvi kənd məhsullarının inkişafı üzrə dövlət proqramı yoxdur, ancaq bu istiqamətdə qanunvericilik bazası mövcuddur.
Oxu.Az xəbər verir ki, bu fikirləri Media.Az-a açıqlamasında Aqrar Tədqiqatlar Mərkəzinin İqtisadi Təhlil və Proqnozlaşdırma Departamentinin baş mütəxəssisi Pərviz Əliyev deyib.
“Ölkədə üzvi kənd məhsulları ilə bağlı qanun qəbul edilib. Bundan başqa, bu istiqamətin inkişaf perspektivləri ilə bağlı ölkə prezidentinin bir qərarı və Nazirlər Kabinetinin iki sərəncamı var”, - P.Əliyev bildirib.
Onun sözlərinə görə, malların üzvi olduğunu bəyan etmək üçün sertifikat vacibdir.
“Üzvi kənd məhsulları üzrə üç növ sertifikat mövcuddur. Söhbət Avropa, Amerika və Yaponiya keyfiyyət sertifikatlarından gedir. Bu sertifikatlar müxtəlif məhdudiyyətlər nəzərdə tutur, ona görə də bütün zəruri maddələrə riayət etməklə meyvə və ya tərəvəz becərmək belə heç də hər zaman üzvi hesab edilə bilməz. Misal üçün, sertifikatın bəzi bəndlərində bildirilir ki, üzvi məhsullar yetişdirilən torpaqda kimyəvi gübrə və ya pestisidlər ola bilməz. Bunun üçün üzvi məhsullar yetişdiriləcək torpaq üç il dincə qoyulmalıdır”.
Ekspertin sözlərinə görə, bu gün ölkəmiz dünya bazarına xurma, fındıq, nar, gül yağı kimi üzvi məhsullar təqdim edə bilər. Bütün bunlar sintetik gübrə olmadan yetişdirilir.
P.Əliyev bildirib ki, Azərbaycan üçün üzvi məhsulları ixrac etmək ölkəyə bu cür malları gətirməkdən daha sərfəli olardı.
“Bütün məsələ bu məhsulların qiymətindədir. Üzvi məhsullarla qidalanma çox bahadır. Misal üçün, 1 kiloqram üzvi pomidor təxminən 8-9 avroya, yəni 16-18 manata başa gəlir. Əlbəttə, bu cür məhsulları hər kəs əldə edə bilməz. Ancaq ədalət naminə deyim ki, Qərb ölkələrində, Yaponiyada, xüsusilə Nyu-York, Tokio, London kimi şəhərlərdə üzvi məhsullara tələbat çoxdur”, - ekspert qeyd edib.
P.Əliyevin sözlərinə görə, Azərbaycanda 100 faiz də olmasa, 70-75 faiz üzvi hesab ediləcək kənd təsərrüfatı bitkiləri var.
“Misal üçün, Abşeronda yetişdirilən əncir, nar, üzüm – bütün bunlar qismən üzvi sayılır. İş burasındadır ki, aqroekoloji göstəricilər də nəzərə alınmalıdır – məhsul yığımı, onun qablaşdırılması, daşınması, suvarma suyu, həmin ərazidəki havanın çirklənməsi və s.
Sertifikat almaq üçün sertifikatlaşdırma üzrə beynəlxalq strukturdan mütəxəssislər dəvət edilməlidir ki, onlar fermer təsərrüfatını qeydiyyata alsınlar”, - ekspert əlavə edib.
Rəylər