Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanın tanınmış maliyyəçi alimi vəfat edib
Tanınmış maliyyəçi, iqtisad elmləri namizədi, əməkdar müəllim Asif Kərimov vəfat edib.
Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsindən məlumat verilib.
Bildirilib ki, A.Kərimov 92 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Asif Məti oğlu Kərimov 1931-ci il mart ayının 19-da Füzuli rayonunda anadan olub. 1940-50-ci illərdə orta təhsil alıb. 1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub və 1954-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1954-57-ci illərdə Moskva Maliyyə İnstitutunun əyani aspiranturasında oxuyub.
Uzun illər ozamankı Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda və indiki Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və Maliyyə-kredit fakültəsində müəllim, dosent, dekan müavini, dekan, kafedra müdiri vəzifələrində çalışıb. O, 2017-ci ildə təqaüdə yola salınmışdı.
Təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülən A.Kərimov UNEC-in fəxri professoru olub.
O, maliyyə elminin nəzəri və praktiki məsələlərinə dair 100-dən çox elmi əsərlərin müəllifidir.
Rəylər