Ədirnədə azərbaycanlı “qanuni oğrular”ın iştirakı ilə baş verən və bir polis əməkdaşının ölümü ilə nəticələnən atışmanın detalları məlum olub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, qanuni oğrular Lotu Quli (Nadir Səlifov) və “Albert Rıjı” (Əli Heydərov) tərəfdarları arasında baş verdiyi ehtimal edilən atışma zamanı həbs edilən 33 yaşlı Ə.Heydərovla bağlı qərar isə onun izahatına bağlıdır.
Ədirnədə polis olaraq çalışan və SSRİ dövründə Azərbaycanda yaşamış mənbə “Fontanka.ru”ya bildirib ki, Heydərov ona kimin atəş açdığını, polisi kimin öldürdüyünü deyərsə o, saxlanıldığı kameradan azadlığa buraxılacaq. Əks halda isə həbs müddəti uzadılacaq. Heydərov isə israrla inandırmağa çalışır ki, o təsadüfən başqaları arasında gedən müharibənin şahidinə çevrilib.
Sayt yazır ki, Ədirnədə baş verən atışma Peterburqdan olan “qanuni oğrular” arasında olub. “Albert Rıjı”nın qardaşı və yerli biznesmenlərdən biri ilə əyləşdiyi otelin restoranına 15 nəfər daxil olur. Dəstəyə rəhbərliyi isə peterburqlu, 40 yaşlı Aleksey Qudina və “qanuni oğru” Lexa İrkutski edib.
Hadisə yerində olan türk polis əlini tapançasına atmaq istəsə də, qarşı tərəf daha cəld tərpənərək Hüseyn İmraqı ürəyindən vurur.
Hazırda polislər üçün qaranlıq qalan məqamlardan biri həmin vaxt Ədirnə polisinin orada olmasının səbəbləridir. Belə ki, polisin dəfnində polis rəisinin “ümid edirəm, Allah bizim dostumuzu bağışlayacaq” sözləri məsələnin müəmmalı tərəflərindəndir.
Sayt daha bir detala diqqət çəkərək Əli Heydərovun həmin atışmadan bir neçə gün əvvəl İstanbula yola düşən zaman keçirdiyi qəzanı xatırladır. Həmin vaxt onun maşını digər bir avtomobil tərəfindən vurularaq xəndəyə yuvarlandırılır. Ağır zədə alan avtoritetin 15 yaşlı oğlu isə hər iki ayağının açıq sınığı ilə dərhal xəstəxanaya yerləşdirilir. Oğlunun ayağının amputasiya ediləcəyini bildikdə isə dərhal oğlunu Rusiyaya göndərir. Lakin ona sərhədi keçməyə icazə verilmir. Türkiyə qanunlarına görə o, gəldiyi maşınla qayıtmalı idi.
Albertin hadisədən bir neçə gün sonra Ədirnədə restoranda əyləşdiyi şəxsin də məhz ölkəni tərk etməkdə ona yardımçı olacaq kontrabandist olduğu istisna edilmir.