Son günlər içməli suyun tariflərinin artırılacağı ilə bağlı bir sıra məlumatlar paylaşılır. Bu da insanlar arasında ciddi narazılığa səbəb olur. Belə ki, içməli suyun sərfiyyatı ilə bağlı tarif iki il əvvəl yenilənib.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə paylaşılan və müxtəlif müzakirələr səbəb olan artım iddiaları ilə bağlı “Azərsu” ASC-ə sorğu ünvanladıq.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, “Azərsu” ASC tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur:
“Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir”.
Könül Cəfərli