"Sovetski" ərazisində aparılan söküntü işlərində tarixi binalara zərər yetirilmir".
Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən verilən açıqlamada deyilir.
Qurum son günlər sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən Bakının Yasamal rayonunda, "Sovetski" adlanan ərazidə memarlıq üslublu binaların sökülməsi ilə bağlı məlumatların paylaşılmasını əsassız adlandırıb:
"Bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır.
"Sovetski" ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub-saxlanılır. Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi komissiya da yaradılıb. Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır.
Qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır.
Söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir.
"Sovetski"də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi komissiyanın nəzarəti altında həyata keçirilir", - məlumatda qeyd olunub.
Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən binanın söküləcəyi iddia edilib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-a verilən məlumata görə, sözügedən ünvanda yerləşən binanın sökülməsi nəzərdə tutulmayıb:
"1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dəfələrlə vurğulanıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra biləcək əsassız məlumatların yayılmasından çəkinməyə çağırırıq", - məlumatda qeyd olunub.
Aygün Mirakif