Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda avtobusda GƏRGİNLİK: "Əyləci basan sürücünü sərnişin təhqir edib"
"Hadisədən sonra sürücü ilə dərhal danışıq aparılıb və ona sərnişinlərlə münasibətdə səbirli davranmağı ilə bağlı xəbərdarlıq edilib".
Bu sözləri Oxu.Az-ın 120 saylı avtobusda baş vermiş insidentlə bağlı sorğusuna cavab olaraq "BakuBus"ın mətbuat katibi Əsmər Əliyeva deyib.
O bildirib ki, gərginlik sürücü qəzadan yayınmaq üçün əyləcdən istifadə etdiyinə görə yaranıb:
"Ötən gün 120 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JZ-766 qeydiyyat nişanlı avtobusda sürücü ilə sərnişin arasında anlaşılmazlıq yaşanıb. Hərəkətdə olan avtobusun qarşısına ani maneə çıxıb, sürücü təhlükəsizliyi təmin etmək məqsədilə əyləcdən istifadə edib. Bu zaman sərnişin sürücüyə qarşı təhqiramiz ifadələr işlədib və mübahisə yaranıb.
Sürücünün gərgin iş rejimində fəaliyyət göstərən bir şəxs olduğunu nəzərə alaraq, belə hallarda diqqətli olmağın vacibliyini nəzərinizə çatdırmaq istərdik. Təbii ki, sürücünün sərnişinlə mübahisəyə girməsi və avtobusu saxlaması mövcud qaydalarımıza ziddir. Hadisədən sonra sürücü ilə dərhal danışıq aparılıb və ona sərnişinlərlə münasibətdə səbirli davranmağı ilə bağlı xəbərdarlıq edilib. Sürücüyə bu kimi hallar zamanı monitor mərkəzinə və ya aidiyyəti qurumlara məlumat verməsi ilə bağlı təlimat verilib".
Ə.Əliyeva əlavə edib ki, sürücülərin peşəkarlığının artırılması istiqamətində mütəmadi olaraq təlimlər keçirilir və belə halların təkrarlanmaması üçün tədbirlər görülür.
"Sərnişinlərimizdən onların rahat və təhlükəsiz səfərini təmin edən sürücülərə qarşı daha diqqətli və nəzakətli olmağı xahiş edir, eyni zamanda, sürücülərimizin də etik qaydalara riayət etməsi üçün müvafiq nəzarət tədbirlərini davam etdiririk", - deyə o qeyd edib.
Xatırladaq ki, oktyabrın 21-də Bakıda 120 nömrəli avtobusun sürücüsü ilə sərnişin arasında mübahisə yaranıb. Mübahisə zamanı sürücü maşını saxlayıb, sərnişinin avtobusdan düşməsini tələb edib.
Aygün Mirakif
Rəylər