Bakının Xətai rayonunda sakinlər küçələrin, səkilərin bərbad vəziyyətdə olmasından şikayət edir.
Oxu.Az xəbər verir ki, videogörüntülər rayonun Nəsirəddin Tusi küçəsində lentə alınıb.
Küçədə səkinin bərbad vəziyyətdə olduğunu deyən sakinlər bəzi yerlərdə işıqlandırmanın da olmadığını bildirib. Ərazidəki səkilərin əksəriyyəti parkinq kimi istifadə edilir.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov redaksiyamıza açıqlamasında bildirib ki, küçələrin abadlaşdırılması istiqamətində rayon ərazisində mərhələli şəkildə işlər görülür:
“Xətai rayonunda Sәmәd bәy Mehmandarov küçəsi, İnqilab İsmayılov küçəsi, M.Hadi küçəsi, Neapol küçəsi və Məzahir Rüstəmov küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və İcra Hakimiyyəti tərəfindən əsaslı təmir-bərpa işləri aparılıb.
Hazırda rayonun Seyid Əzim Şirvani küçəsi, Mehdi Mehdizadə küçəsi, Sabit Orucov küçələrində də avtomobil yollarının təmir-bərpa işləri həyata keçirilir. İcra Hakimiyyəti olaraq rayon ərazisində həmin küçələr boyu yaşıllıq zolaqları salınır və iaşə obyektləri sahiblərinin razılığı əsasında, obyektlər müasir memarlıq normalarına uyğun yenidən qurulur.
Vətəndaşın qeyd etdiyi Nəsirəddin Tusi küçəsi də bu ilin tədbirlər planına salınıb. Həmin küçədə avtomobil yolunun və səkilərin təmir edilməsi nəzərdə tutulub. Bizdə olan məlumata görə, AAYDA tərəfindən ərazidə digər təşkilat və qurumlara müraciət olunaraq, sözügedən küçədə kommunikasiya xətləri ilə bağlı mövcud problemlərin həllinə diqqət yetirilməsi xahiş olunub.
Bütün işlərin yekununda həmin küçədə asfalt örtüyünün çəkilməsi planlaşdırılır. Sadalanan işlər cari ilin yekunlarına qədər həll olunacaq”.
Könül Cəfərli