Məhkəmə-Hüquq Şurasının bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimlərinin cəzalandırılması barədə qərar qəbul olunub.
Şuradan Oxu.Az-a verilən məlumata görə, məhkəmənin hakimi Qurban Abbasov tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilib, həmin məhkəmənin hakimləri Fəqan Əhmədov və Şərafət Məmmədovaya töhmət verilib, məhkəmənin sədri Müseyib Hüseynova isə irad tutulub.
Məlumata əsasən, sədr və hakimlər vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqlarına görə cəzalandırılıblar.
İclasda eyni zamanda digər məhkəmələrdə keçirilmiş yoxlamalar nəticəsində bu kimi hallara yol vermələri aşkar edilmiş 3 hakim barədə intizam icraatları başlanılmış, məhkəmələrdə monitorinqlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.