Bakıda avtovağzal ərazisində sərnişin avtobusunda yanğının ilkin səbəbləri məlum olub.
Bu barədə Oxu.Az-a daşıyıcı şirkətdən məlumat verilib.
Qeyd olunub ki, ilkin ehtimala görə, hadisə elektrik sistemində yaranmış yüklənmə səbəbindən baş verib:
"Yay rejimi ilə əlaqədar iritutumlu nəqliyyat vasitəsinin elektrik sistemində yüklənmənin olduğu ehtimal edilir. Yanğına da bunun səbəb olması güman edilir. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yanğının səbəbi təyin edilmiş ekspertizanın rəyi açıqlandıqdan sonra tam məlum olacaq".
Şirkətdən bildirilib ki, yanğın nəticəsində xəsarət alan olmayıb.
Bakıda avtovağzal ərazisində sərnişin avtobusunda yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, naməlum səbəbdən 135 saylı marşrut avtobusu yanmağa başlayıb. Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunublar.


Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlər tərəfindən avtobusda baş verən yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb. Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.