Bakının mərkəzində yol polisləri ilə vətəndaş arasında insident baş verib.
Oxu.Az xəbər verir ki, hadisə gecə saatlarında Nizami metrosunun yaxınlığında Şıxəli Qurbanov küçəsində baş verib.
Məlumata əsasən, üç yol polisi maşını əməkdaşları qanuna tabe olmayan sürücünü saxlayaraq onun barəsində müvafiq tədbir görmək istəyiblər. Lakin qanunu pozan sürücü yol polisi əməkdaşları ilə mübahisə etməyə başlayıb və YPX maşınına əyləşməyib. Buna görə polislər kütləvi şəkildə sürücüyə qarşı zor tətbiq edərək onu xidməti maşına əyləşdirmək istəyiblər.
Hadisə şahidlərinin verdiyi məlumata görə, YPX əməkdaşları sərxoş sürücünü qayda-qanunu kobud şəkildə pozduğu üçün saxlayıblar. Sürücü içkili halda onu saxlayan DYP əməkdaşlarına tabe olmayaraq alçaldıcı təhqirlər edib və onlarla mübahisə etməyə başlayıb. Əraziyə 5 YPX maşını və 2 PPX maşını gəldikdən sonra vətəndaşı polis bölməsinə aparmaq mümkün olub.
Qeyd edək ki, hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb. Qısa bir zamanda ətraflı məlumat verəcəyik.
Elvin Əhmədov
www.oxu.az