Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Banka borcu olanların, qurban kəsmək əvəzinə pul paylayanların qurbanı qəbul olunur? - ŞƏRH + FOTO
“Maddi imkanı, şəraiti olan, iqtisadi vəziyyəti yaxşı, dolanışığı qaydasında olan şəxslər qurban kəssələr, bu, savabdır. Hər bir ailə başçısı öz adından bir qurbanlıq kəsə bilsə, Allah yanında böyük mükafat ala bilər, savab qazanar”.
Bu fikirləri Oxu.Az-a Qurban bayramında qurban kəsilməsinin qaydaları haqqında danışarkən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini hacı Fuad Nurullayev deyib. O qeyd edib ki, qurbanlıq xırdabuynuzlu heyvanlardan başlayaraq, iribuynuzlu heyvanlara və dəvəyə qədər yüksələ bilir. Amma xırdabuynuzlu heyvandan aşağı heyvanın qurban kəsilməsi dinimizdə qəbul olunmur:
“Bəzən el arasında deyirlər ki, məsələn, filankəs bir hindtoyuğu, ya da xoruz qurban kəsdi. Bunlar qurbanlıq hesab olunmaz. İmkanı olan insan minimum xırdabuynuzlu heyvandan qurban kəsə bilər. Xırdabuynuzlu heyvan isə hər bir fərd, bir ailə üçün bir qurbanlıq rolunu icra edə bilər. Yəni bir xırdabuynuzlu qurbanlığa kənar insanların da şərik olması qeyri-mümkündür. Bu, şəriətdə qəbul olunmur. Amma iribuynuzlu heyvanların şərikliklə qurban kəsilməsi icazəlidir. Məsələn, bir dana, yaxud bir öküz qurban kəsilirsə, buna bir neçə adam şərik ola bilər. Dinimizdə bildirilir ki, bir qurbanlığa yeddi adamdan çox şərik olmasa, yaxşıdır. Bir neçə adam çox olsa belə, yenə də bu da icazəlidir və bundan yuxarı dəvə kəsilə bilər. Dəvəni bir adam tək, yaxud digərləri ilə şərikli kəsə bilər.
Burada incə məqam da ondan ibarətdir ki, qurban kəsilən heyvanların yaşı gözlənilməlidir. Xırdabuynuzlu heyvanlardan keçi, qoç və qoyun kəsilə bilər. İribuynuzlu heyvan, təbii ki, dana, öküz, cöngə ola bilər. Heyvanın yaşı səkkiz ay - bir il olsa, daha yaxşıdır. İribuynuzlu heyvan mütləq bir ildən yuxarı olmalıdır. İlyarım, iki il olsa, daha yaxşıdır. Qurban kəsilən dəvənin mütləq beş yaşı olmalıdır. Beş yaşdan aşağı dəvələr üçün qurbanlıq icra oluna bilməz”.
Qurban kəsməyin həcdə olan insanlar üçün vacib buyurulduğunu vurğulayan Fuad Nurullayev qeyd edib ki, onlar mütləq qurbanı icra etməlidirlər. Hacının sözlərinə görə, buna baxmayaraq, həcdə olmayan insan, öz Vətənində, öz ölkəsində olan adam imkan və şəraiti, niyyəti varsa, qurban kəsə bilər:
“Qurbanlıq əti mütləq üç hissəyə bölünməlidir. Bunun bir hissəsini insan özü, ailəsi istifadə edə bilər. Qalan iki hissəsi mütləq yaxın qohum-əqrəbadan başlayaraq, qonşulara, kənar insanlara, yoxsullara, imkansızlara paylanmalıdır.
Ən çox verilən suallardan biri də odur ki, qurban ətinin, qurbanlığın pulunu bu şəkildə yoxsullara paylamaq olarmı? Yaxud ərzaq alıb, qurbanın dəyəri qədər ərzağı Qurban bayramı günü paylamaq olarmı? Xeyr, dinimiz buna icazə vermir. Bunun da fəlsəfəsi var. Elə ölkələr, yerlər, ailələr var ki, həddindən artıq yoxsulluq içərisindədirlər. Ailələr ilboyu ət alıb, qazanında bişirmək imkanına sahib deyillər. Ehtiyacı olan kasıb ailələr gözləyirlər ki, Qurban bayramında insanlar qurban kəsəcəklər və bizim də qapıya pay gətirəcəklər ki, biz də həmin qurbanlıq ətindən qazanımızda qaynadaq. Qurbanlıq ətindən bişmiş yeməyi süfrəyə qoyarıq və balalarımız da ondan dadarlar. Ona görə birmənalı olaraq islamda qurbanlıq dedikdə mütləq heyvan kəsilməsi qəbul olunur, onu heç bir başqa vasitə ilə əvəz etməyə icazə verilmir”.
Din xadimi söyləyib ki, dişi heyvanı qurban kəsmək olar:
“Amma daha çox erkəyə üstünlük verilir. Çünki bir sürüdə bir neçə erkək heyvan varsa, nəsil artırmaq üçün kifayətdir. Amma dişi bala dünyaya gətirir. Ona görə məsləhət görülür ki, qurbanlıqda da erkək heyvanı kəssinlər. Amma dişi heyvanı da qurban kəsmək olar, dini cəhətdən heç bir maneəsi yoxdur.
Kredit borcu olan insanların qurban kəsə bilmələri barədə sual verilir. Adam borcunu vaxtlı-vaxtında ödəyirsə, əlində də əlavə pulu qalırsa, qurban kəsə bilər. Amma kimsə hər ay kredit ödəyir, borcunu vermək üçün əlində pulu qalmırsa, qurban kəsə bilməyəcək. Maddi problemə düşməyən adam qurban kəsə bilər. Qurban kəsmək vacib deyil, müstəhəbdir, savabdır, gözəl işdir. İnsanın maddi durumu normaldırsa, maddi səviyyədə ailəsini, özünü maddi cəhətdən çətin duruma salmayacaqsa, qurban kəsə bilər. Allah hər kəsin qurbanını qəbul etsin!”
Aysel Aslan
"Fuad Nurullayev" teqi üzrə xəbərlər
- Aşura mərasimi hansı məscidlərdə keçiriləcək? - AÇIQLAMA
- Nişanlı qız üçün qurban kəsilməsi günahdırmı?
- QMİ rəsmisindən ETİRAZ: “Ramazandan istifadə edib insanları aldadırlar”
- Ramazanda fəaliyyəti dayanan şadlıq sarayları: “Toy etməmək dinlə bağlı bir məsələ deyil” - ARAŞDIRMA + FOTO
- Ayağını qəbrinə görə uzat və ya dəfn xərcləri artırılacaqmı? - AÇIQLAMA + FOTO
Rəylər