Biləsuvar rayonunun Həzi Aslanov küçəsində yaranmış antisanitar vəziyyət aradan qaldırılıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının müşayəti ilə aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazidə təmizlik işləri aparılıb.
Görülən tədbirlər nəticəsində küçədə toplanmış məişət tullantıları daşınıb, ərazi tullantılardan təmizlənərək antisanitar vəziyyət aradan qaldırılıb.
Biləsuvar rayonunun Həzi Aslanov küçəsində antisanitariya vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə məişət tullantıları vaxtında daşınmır. Nəticədə küçədə zibil yığılıb, ərazini üfunət bürüyüb və sakinlər xəstəlik riski ilə üz-üzə qalıblar.
Onların sözlərinə görə, ərazidə məişət tullantıları ilə yanaşı, ölmüş heyvanların cəsədlərinə də rast gəlinir. Bildirirlər ki, zibillikdə sahibsiz itlər toplaşır.
Ərazidə ilanların da göründüyü deyilir. "Buraya beş ildir gəlmişəm, təmiz hava görməmişəm. Zibili bura atmaq əvəzinə, çayın içinə də atırlar. Nəfəs almaq mümkün deyil. Dəfələrlə deyilib ki, gəlib yığışdıracağıq, amma sözlərinə əməl etməyiblər", - deyə şikayətçi narazılığını dilə gətirib.
Məsələ ilə bağlı aidiyyəti qurumdan bildirilib ki, Həzi Aslanov küçəsində vəziyyətin yaxşılaşdırılması üçün sakinlərlə dəfələrlə maarifləndirici söhbətlər aparılıb. Qurumun nümayəndəsinin sözlərinə görə, əsas problemlərdən biri sakinlərin məişət tullantılarının daşınması ilə bağlı müqavilə bağlamaması və bunun üçün nəzərdə tutulan ödənişi etməməsidir:
"Əhali arasında bütün maarifləndirmə işlərini aparmışıq. Dəfələrlə küçələrdə sakinlərlə fərdi qaydada söhbət etmişik. Əhalinin böyük əksəriyyəti məişət tullantılarını zibil qutularına belə atmır, maşının pəncərəsindən tullayır. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən də bir neçə dəfə cərimələr tətbiq olunub".