"Azkarbonlu yaşıl infrastruktur - şəhər meşələri, bataqlıq sahələrinin və çayların bərpası, yaşıl dəhlizlər - təbii texnologiya kimi nəzərdən keçirilməlidir".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin köməkçisi Elizabet Maruma Mrema WUF13 çərçivəsində keçirilən tədbirdə deyib.
"Ağaclar havadakı çirki süzgəcdən keçirir, bitki örtüyü istilik yükünü azaldır. Bataqlıq sahələri daşqınları idarə edir, yaşıl dəhlizlər isə şəhərdə ventilyasiyanı və hava axınlarını yaxşılaşdırır. Bütün bunlar birlikdə havanın keyfiyyətini birbaşa yaxşılaşdırır və eyni zamanda iqlim şoklarına qarşı dayanaqlığı artırır.
Burada, gözəl Bakıda bu ideya artıq şəhərin planlaşdırılmasında əks olunub. Bakının 2040-cı ilə qədər Baş Planı yaşıl zonaların hər nəfərə səkkiz kvadratmetrə qədər artırılmasını nəzərdə tutur və hibrid yaşıl dəhlizləri planlaşdırmanın əsas konsepsiyası kimi müəyyən edir. Bu, şəhəri daha havalanan, daha sərin və daha sağlam edən praktik şəhər infrastrukturudur. Gəlin, bu proqramı genişləndirək", - deyə o bildirib.