Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bu il bayram namazı qılınacaq? - QMİ rəsmisindən AÇIQLAMA
“Keçən il olduğu kimi bu il də koronavirus pandemiyasına görə məscidlərə toplanmaq mümkün olmayacaq. Azərbaycanda məscidlər bağlı olduğu üçün bu Ramazan bayramında camaat namazı onlayn qılınacaq”.
Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay deyib.
QMİ nümayəndəsinin sözlərinə görə, keçən il olduğu kimi bu ildə Ramazan bayramında məscidlərdə camaat namazı qılınmayacaq:
“İnsanlar artıq bu prosesə öyrəşiblər. Din xadimləri insanlara xitab edir, maaridləndirir. Ramazan ayı başlayandan biz öz fikirlərimizi camaata çatdırmağa çalışırıq. Biz internet dövründə yaşayırıq. Hər kəs evlərində oturaraq hər günün dualarını dinləyə və bizimlə paralel oxuya bilirlər.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son gününə düşür. İnsanlara fitrə çıxarması məsləhət görülür. Biz insanlara tövsiyə edirik ki, kütləvi şəkildə toplaşmaqdan çəkinsinlər. Çünki, bu, xəstəliyin yayılmasına şərait yarada bilər, xəstəlik isə bizi dini ayinlərdən, ibadətimizdən geri salacaq. Hər birimiz evimizdə oturmaqla ibadətimizi edə bilərik. Düşünürəm ki, bu il də bayramda insanlar ailə üzvlərini bir yerə toplayıb namaz qılacaqlar.
Ümid edirəm ki, gələn il bu problem qalmayacaq. İnsanlardan səbrli olmaları xahiş olunur. Ramazan ayı öz-özlüyündə bizlərə səbr göstəricisidir”.
Könül Cəfərli
Rəylər