Kubra Məhərrəmova yazır...
Bizimkilər də şeir yazırdı, görəsən axırı necə oldu? Elmlər Akademiyasını deyirəm, COVID-19 üçün.
Novruz Bayramı və bayram tətili bitdi. Bu bayram ərəfəsində hamını ən çox Operativ Qərərgahın hansı qərarlar verəcəyi narahat edirdi.
Kimsə deyirdi ki, rayonlara yollar bağlanacaq, qapanma olacaq, kimsə isə deyirdi ki, SMS icazə tətbiq olunacaq və s.
Bu deyilənlərdən heç biri baş vermədi. Bircə bayram günlərində ictimai nəqliyyat işləmədi.
Yoluxma yenə artdı. Bakıdakı kafe-restoranlar ağzına qədər dolu oldu. Yenə də rayonlara böyük köç yaşandı. Bakıdan regionlara, istirahət zonalarına gedən adamların sayı o qədər idi ki, çoxları yeməyini çöldə-bayırda yedi. Yəni içəridə oturmağa yer tapmadı.
Üzümüzə gələn iki həftə ərzində yenidən yoluxma sayı çoxalsa, heç təəccüblənməyin. Rayona gedərkən postlarda gördüyünüz tıxacları yadınıza salın, hər şey aydın olacaq.
Bəziləri də iddia edir ki, yoluxmanın rəqəmləri doğru deyil, yalandan yazılır. Bu iddia qarşısında onu deyə bilərəm ki, bir ətraflarına baxsınlar. Yan-yörəmizdə yenə xəstə sayı çoxalıb.
İlk gündən elm adamları, üç-beş kitab oxuyanlar bildirdilər ki, bu virusdan dünyanın canını qurtarmaq üçün peyvənd lazımdır.
2021-ci ilin əvvəli üçün dünyada 200 potensial peyvənd növünün olması, onlardan 63-nün insanlar üzərində sınaqdan keçirilməsi və 6-nın artıq insanlara peyvənd kimi tətbiqi həyata keçirilir.
Bir peyvəndin hər ölkədə istifadəsi mümkün deyil. Çünki hər ölkə hansı peyvənddən istifadə edəcəyinə və icazəsinə özü qərar verir. Məsələn, “AstraZeneca” peyvəndinin Böyük Britaniyada, Hindistan və Argentinada istifadəsinə icazə verilib. Rusiya istehsalı olan “Sputnik V” peyvəndi istifadəsinə isə Belarus, Boliviya, Argentina, Əlcəzair və Serbiyada icazə verilib.
Məhsul Hindistan, Çin, Cənubi Koreya və Braziliyada istehsal olunacaq.
Azərbaycan, Türkiyə, Braziliya, Çili və digər ölkələr isə istifadə üçün “SinoVac” peyvəndini seçib. Ən son məlumata görə bu günə qədər Azərbaycanda 500 min nəfərdən artıq vaksinasiya edilib. Təbii ki, prosesin davam edilməsi üçün yeni vaksin dozası tələb olunur. Bax burada Avropa dəyərlərinin, demokratiya carçılarının, humanizm qışqıranların, hamının hüququ bərabərdir deyənlərin maskası cırılır. Və məlum olur ki, COVAX adında beynəlxalq təşəbbüs bu gün bizə kələk gəlir.
İndi soruşacaqsınız ki, COVAX nədir, kimdir? COVAX - vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış beynəlxalq təşəbbüsdür. Yəni amalı odur ki, bütün ölkələr vaksin ala bilsin. Yoxsa kimin “daydayı” varsa o qabağa düşməsin. Əhsən və bravo. Azərbaycan da ədalətli vaksin bölgüsünü rəhbər tutaraq bu təşəbbüsə qoşulan ilk ölkələrdən olub.
İndi da COVAX deyir ki, “bəs üzürlü sayın, alınmır peyvənd göndərmək”. Bəs Avropa hüququ, öhdəliyi, qanunun aliliyi vardı? Noldu bəs, ay COVAX? Deyəsən COVAX-da gorbagor oldu.
Onu da qeyd edim ki, COVAX rəhbərliyini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatı, Gavi (peyvəndləşmə aliyansı) həyata keçirir. Bu birlikdə Bill Qeytsin Fondu və digər şəxsi fondlar da yer alıb.
Məsələn ABŞ-nın keçmiş prezidenti Tramp COVAX-a qoşulmadı və bildirdi ki, ÜSTlə bağlı olan heç bir layihəyə Amerika qoşulmayacaq. Trampın iddiasına görə, ÜST Çinin təsiri altında fəaliyyət göstərir. Belə ki, COVID-19 virusu ilə bağlı baş verənləri ilk dövrlərdə Çinin təzyiqi sayəsində dünya ictimaiyyətindən məhz bu təşkilat gizlədib.
Təəsüf ki, biz balaca adamlar əsl həqiqətin harada gizləndiyini bilə bilmərik. Amma bəzi hadisələr bizi özümüzdən başqa heç kimə etibar etməməyi də öyrədir.
İndi gələk yenə COVAX-ın kələkbazlığına. Deməli məsələ belədir, əgər ölkə orta və aşağı gəlirlidirsə, onda COVAX o ölkələrə deyir ki, gözləyin. Nə vaxt artıq peyvənd dozası olar, sizə də satarıq. Amma gəlirli, inkişaf etmiş ölkələrə “əl altından” satır.
Həm də bu gün bu beynəlxalq təşkilatlar ən böyük şantajçı kimi davranır. “Kim daha çox pul verir” prinsipi ilə hərəkət edir. Ya da vaksinlə təzyiq metodu yaradır.
COVAX bu ilin birinci rübündə Azərbaycana vaksinlərin ilk partiyasını təqdim etməli idi. Amma hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Daha sonra COVAX bildirib ki, Azərbaycana vəd ediləndən daha az sayda vaksin veriləcək. Madam ki, vaksin çatışmır, necə olur ki, COVAX tərəfindən Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb?
Hə, deməli ki, söhbət heç pulda da deyil. Azərbaycan Gürcüstandan kasıb ölkə deyil. Deməli Azərbaycan kimlərinsə gözünü deşir. Ona görə də vəd edilən vaksinlər gəlib çıxmır.
Azərbaycan dövləti nə yaxşı ki, işini əvvəldən sığortalayıb. Çindən tələb olunan qədər vaksin tədarükünü təmin edib, gələcəkdə Rusiyadan da vaksin əldə olunacaq.
Avropa mədəniyyəti, azadlığı, insan hüquqları, ədaləti isə getsin o tərəfdə hay-küy salsın.