Hər xalqın milli özünəməxsusluğu, təkrarsızlığı, tarixən formalaşmış zövq səviyyəsi, ilk növbədə və ən qabarıq şəkildə onun qeyri-maddi mədəni irsində əksini tapır: qeyri-maddi mədəni irs də elə xalqın milli dili kimidir.
Oxu.Az xəbər verir ki, bunu akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.
Onun sözlərinə görə, belə sərvətlərsiz xalqın mənəvi dünyası çox kasıb olardı. Azərbaycan qeyri-maddi mədəni irs baxımından zəngin sərvətə malikdir:
“Məmnunluqla qeyd etməliyəm ki, son 10 ilə yaxın müddət ərzində YUNESKO ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və qorunması istiqamətində çoxlu və faydalı işlər görülüb. 2008-ci ildə Azərbaycan muğamı, 2009-cu ildə Azərbaycan aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti, 2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2013-cü ildə Qarabağ atı ilə oynanılan Çövkən atüstü oyunu, 2014-cü ildə Qadın baş örtüyü kəlağayının düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi, 2015-ci ildə Azərbaycanın ucqar bir dağ kəndinə məxsus Lahıc misgərlik sənəti, 2016-cı ildə isə Azərbaycan lavaşı. Lakin, eyni zamanda, YUNESKO-nun daha üç – “Ümumdünya yaddaşı”, “Dünyanın yaddaşı”, “Təhlükə altında hesab edilən dillər” siyahıları üzrə Azərbaycan mədəni və mənəvi irs nümunələri qorunmaqdadır. Lakin bu siyahılardan kənarda da mənim ölkəmin yüzlərlə qeyri-maddi irs örnəkləri mövcuddur ki, onların yaşamaq və qorunmaq haqqı var”.
Komitə sədri bu yerdə Azərbaycanın məruz qaldığı təcavüzün bütün başqa fəsadlarından savayı qeyri-maddi irsə də ciddi ziyanlar vurması məsələsinə toxunaraq, qeyd edib ki, 25 ildən artıqdır ki, Azərbaycan ərazilərinin 20 faizi hər cür beynəlxalq nəzarətdən kənardır:
“Azərbaycan torpaqlarının Ermənistan və ona havadarlıq edən xarici qüvvələr tərəfindən zəbt edilməsi qeyri-maddi mədəni irsə də ciddi, bir sıra hallarda isə sağalmaz, bərpası mümkün olmayan ziyanlar yetirib. 25-26 il ərzində nəsillər dəyişir və belə böyük zaman kəsiyində öz ev-eşiklərindən məhrum olaraq tamam fərqli məkanlarda yaşayan insanların musiqi və söz folkloru, adət və ənənələri deformasiyaya uğrayır, nəsillər arasında rabitə itir, ötürücülük missiyası yerinə yetirilə bilmədiyindən bir sıra sərvətlər yox olur...”
Bu baxımdan, R. Hüseynov Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması ilə bağlı xüsusi qanunun qəbul olunmasına ciddi ehtiyac olduğunu vurğulayıb:
“Hesab edirəm ki, belə sənədin hazırlanaraq, onun müzakirələrə çıxarılmasına və qəbuluna ciddi ehtiyac duyulur. Bununla da bağlı bir neçə dəfə təklifim olub və inanıram ki, yaxın gələcəkdə adıçəkilən qanun layihəsinin müzakirəsi və qəbulu mümkün olacaq. Ona çox ciddi ehtiyacımız var”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az