Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dünya bizi doğum evində qoyun kəsdiyimiz üçün qəbul etmir
Aqşin Yenisey yazır...
Bu ilin, səhv etmirəmsə, fevral ayında mediada bir xəbər yayılmışdı: Rusiya şəhərlərinin birində yaşayan azərbaycanlıları doğum evinin qarşısında qoyun kəsdikləri üçün yerli əhali polisə şikayət edib. Xəbərdə deyilirdi ki, qızı doğulan bir həmyerlimiz sevincini necə ifadə edəcəyini bilməyib, qürbət eldə haradansa milli qoyun tapıb və qədim insan kimi sürüyə-sürüyə gətirib xəstəxanada kəsib.
Qanı görən Ağqoyunlu, Qaraqoyunlu əcdadlarımızın ruhu şad olsa da, tatar qanımızı qanlarına qatandan sonra Qafqaza dadanan ruslar bu mənzərədən şoka düşmüşdülər. Öz sevincini, dərdini qoyunla paylaşmaq türk etnosunun tarixi davranışıdır. Eramızdan əvvəl 200-cü illərdə türklərin əcdadı sayılan Hun imperatoru Mete xan Çin imperatoru Qazounun torpaqlarının böyük hissəsini də ona görə işğal etmişdi ki, hunların qoyun sürüləri daha geniş və daha yaşıl ərazilərdə otlasın. Bizim qoyunçuluğumuz məişət hadisəsi deyil, bu maldar eşq, aqrar sevda tarixi şüurumuzun bünövrəsidir.
Qoyunumuzu Asiya tarixinin geniş otlaqlarına buraxıb keçək özümüzə. Bu günlərdə yenə Rusiyanın Vesti.ru saytı bir video paylaşıb. Videoda Rusiyanın bir şəhərində gəlin aparan azərbaycanlıların avtomobil karvanının yolda yaratdığı tıxac və qəza tənqid olunur. Baş rolu da üstünə üçrəngli Azərbaycan bayrağı örtülmüş ucuz bir avtomobil oynayır.
Biz - vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə yaşayan həmvətənlərimizi öz aramızda “dünya azərbaycanlıları” adlandırırıq. Açığı, vətəndə onlardan ciddi mənada heç kim heç nə gözləmir, onlardan yeganə gözlənti beynəlxalq aləmdə Azərbaycanın adına “vedrə bağlayacaq” əməllərə yol verməmələridir. Siz artıq dünya azərbaycanlısısınız, özünüzü Azərbaycana yox, dünyaya uyğun aparın, bizə yetər. Yegənə təmənna budur! Amma…
Biz niyə dünya azərbaycanlısı ola bilmirik? Uzun illər dünyanın yarısına ağalıq etmiş bir xalqın övladları bu gün dünyaya çıxan kimi niyə özünü etnik azlıq kimi aparır? Nədir bizim vətən sevgimizi adət-ənənə düşkünlüyü səviyyəsindən çıxmağa qoymayan?
O irəlidən İngiltərənin Kollec London universitetinin Aleksandr Koç, Kris Brayrli, Mark Maslin kimi elm adamları müstəmləkəçiliyin iqlimə təsirini sübut etdilər. Məlum oldu ki, 1492-ci ildən 1600-cü ilə kimi keçən 200 il ərzində avropalıların Amerika qitəsində apardıqları soyqırımlar və epidemiya xəstəlikləri 56 milyon insanın məhv olmasına, yeni qitədə 55 milyon hektar torpağın əkilməməsinə və meşələşməsinə səbəb oldu, bu da dünyada temperaturun 0,15 dərəcə aşağı düşməsinə gətirib çıxardı.
Biz də, təxminən, 200 illik bir müstəmləkəçiliyin varisləriyik və Amerikada 200 illik müstəmləkəçilik ev, iş, maşın problemi olmayan iqlimə bu cür təsir göstəribsə, görün “ev, iş, maşın”dan başqa dərdi olmayan bizləri nə günə qoyub. Və Qərbdə müstəmləkəçiliyin iqlimə göstərdiyi təsir araşdırılarkən, bizim universitetlər “müstəmləkə xalqının psixologiyası” mövzusunda özlərini şadlıq sarayı kimi aparırlar.
Ona görə məcburuq yenə Qərbə üz tutaq. Qaradərili fransız psixoanalitiki, müstəmləkəçilik haqqındakı fikirləri ilə Afrikada üsyançılara, ABŞ-da “Qara panter”lərə ideoloji güc verən Frans Ömər Fanonun kitablarına (oxumaq istəyənlər üçün: “Qara dəri - Ağ maska”, “Yer üzünün lənətlənmişləri” kitabları) göz ataq.
Fanon yazır ki, müstəmləkəçilik müstəmləkə insanının psixologiyasını darmadağın edir, onu ikili şəxsiyyəti olan birinə çevirir və müstəmləkə insanı müstəmləkəçiyə qarşı ancaq zor tətbiq edərək, şiddət göstərərək bu şəxsiyyət ikiləşməsindən, aşağılıq kompleksindən özünü xilas edə bilər. Fanon Əlcəzairdə, Çində, keçmiş SSRİ-də, latın Amerikasında müstəmləkəçiliyə qarşı çıxan hərəkatları araşdıraraq belə bir nəticəyə gəlir ki, müstəmləkəçiliyin əsl düşmənləri şəhərlilər yox, kəndlilərdir.
Atatürk kəndlini millətin əfəndisi, ağası adlandırırdı. Hər bir xalq irsi enerjisini öz kəndlisindən alır, milli irsi yaşadan isə adət-ənənələrdir. Demək, müstəmləkəçiliyin əsl düşməni müstəmləkə insanının qoruduğu milli adət-ənənələrdir.
Rusiyanın doğum evlərində qoyun kəsən, işıqforlarında gəlin aparan avtomobil karvanını saxlayıb zurna çalan azərbaycanlı kəndlilər, əslində, bu kobud davranışları ilə müstəmləkə insanının psixoloji diqtəsini həyata keçirirlər. Onları bu vəziyyətə 200 illik Rusiya müstəmləkəçiliyinin özü salıb və indi öz müstəmələkəçi əməllərinin “cəzasını çəkir”.
Eyfeldən ayaqyolu kimi istifadə edən Afrika ərəbləri Fransada, Çikaqonun küçələrində marixuana çəkib adam bıçaqlamaqdan başqa işi-gücü olmayan Meksika “paçuko”ları ABŞ-da, Osloda qız uşaqlarını sünnət edən Pakistan mühacirləri Norveçdə, Hollandiyada hansı hoqqalardan çıxırlarsa, azərbaycanlılar da Rusiyada eyni özünəməxsus adətlərini yaşadırlar.
Bu “milli biabırçılıqlar” bütün müstəmləkə xalqlarına xas olan davranışlardır. Mənim burada yazdıqlarımı daha aydın başa düşmək üçün mütləq Meksika yazıçısı Oktavio Pazın “Labirint” romanında təsvir olunan “paçuko”ların həyatını oxumaq lazımdır. Onda görəcəksiniz ki, Rusiya azərbaycanlıları da Meksika “paçuko”ları kimi öz milli adət-ənənələrini bir güc, əzələ nümayişi olaraq rus mədəniyyətinə müqavimət göstərmək üçün istifadə edirlər.
“Qədeşlik” qəhrəmanlığın bakterial formasıdır. Alimlər hesablayıblar ki, 30 ildən sonra gözlə görünməyən bakteriyalar suyun altındakı nəhəng “Titanik”i tamamilə yeyib yox edəcəklər. Qədeşlik məktəbi də özündə belə bir gücün olduğuna inanır: Yaşasın böyük məğlubiyyətə qarşı kiçik qəhrəmanlıqlar!
Azərbaycanda 1920-ci ildə sovet hökuməti qurulanda bir çox zadəgan ailələr Avropa ölkələrinə köçdülər. Qədeş deyildilər deyə onların azərbaycanlılığı qısa müddətdə yad mədəniyyətlərin içində əriyib yox oldu. İndi onların törəmələrini, bir neçəsini çıxmaq şərtilə, Azərbaycana heç nə bağlamır. Yəni biz xalis “dünya azərbaycanlısı” olanda xalis azərbaycanlı ola bilmirik, xalis azərbaycanlı olanda da dünya bizi doğum evində qoyun kəsdiyimiz üçün qəbul etmir. Qalmışıq iki daşın arasında.
Yuxarıda dedik ki, bizi dünya azərbaycanlısı olmağa qoymayan duyğu müstəmləkə varisi olmağımızdır. Gəlin, bu müstəmləkə varisinin xarakterini bir balaca açmağa çalışaq.
Müstəmləkə varisi olan hər bir azərbaycanlı gizli sovet vətəndaşıdır. O, hələ də dövləti özününkü hesab etmir, hər addımda ondan nəsə qoparmağa, ona ziyan vurmağa çalışır. Tikintidə işləyən sovet vətəndaşı haqqındakı lətifəni xatırlayın. İşlədiyi idarədən oğurlamağa heç nə tapmayan sovet fəhləsi əlacsız qalıb bir vedrə sıyıq sement əkişdirir və evə çatana qədər sement bərkiyib yararsız hala düşür.
Müstəmləkə varisi olan hər bir azərbaycanlı bu gün üçün yaşayır, onun beynindəki gələcək ən yaxşı halda Allaha məxsusdur. Onun üçün gələcək zaman həyatı deyil, ölümü ifadə edir, ölünün diridən daha dəyərli olduğuna inanır. Müstəmləkəçilik onda belə bir intuitiv fikir formalaşdırıb: burada heç nə sənin deyil. Ona görə mütəmləkə varisi özünü bivec biri kimi hiss edir və ikiüzlülük, sırtıqlıq, yaltaqlıq kimi maskalar taxaraq özünün olmayan müvəqqəti həyatı əziyyətsiz, məsuliyyətsiz yaşamağa çalışır.
Müstəmləkə varisi olan hər bir azərbaycanlıda tərbiyə anlayışı əxlaq anlayışından daha üstündür. Çünki müstəmləkə siyasətinin özü də kütləvi tərbiyə metodudur, özünə lazım olan insan nəsilləri yetişdirmək üçün əxlaq normalarına deyil, tərbiyəvi üsullara əl atır. Tərbiyə müstəmləkə varisi olan azərbaycanlıda itaətin məişət forması kimi üzə çıxır. Sovet insanı tərbiyəli idi, ancaq onda əxlaqdan əsər-əlamət yox idi.
Müstəmləkə varisi olan hər bir azərbaycanlıda avtomobil sevgisi, məsələn, vətən sevgisindən ucadır, çünki o, sənayeləşmə mədəniyyətinin görməmişidir. Sonradan görənlər isə daha radikal olurlar (məsələn, İslamı sonradan qəbul etmiş farslar və türklər kimi).
Müstəmləkə varisi olan hər bir azərbaycanlı imtiyaz düşkünüdür, əlini uzatsan, biləyindən yapışacaq.
Müstəmləkə varisi olan hər bir azərbaycanlıya görə, əmək əfəllərin, tənbəllərin fəaliyyət növüdür və meymunu insana deyil, insanı meymuna çevirir.
Müstəmləkə varisi olan hər bir azərbaycanlı üçün xarakter kütləvi oxşarlığa verilən addır. O, xarakterin gücünü fərdin nə dərəcədə kütlə insanı olması ilə ölçür. Kütlə insanına oxşarlığın yoxdursa, müstəmləkə varisi üçün sarsağın birisən.
Müstəmləkə varisi olan azərbaycanlıda şəxsiyyət uğura verilən ləqəbdir. Uğur isə məişətdə təsdiq olunmuş zənginlik deməkdir. Ona görə də o, harada, hansı yolla olur-olsun uğur qazanmağa, məişət zəngini, arvad-uşaq patronu olmağa can atır. Ona Rusiyada doğum evində qoyun kəsdirən də bu məişət diribaşlığıdır.
Müstəmləkə varisi olan hər bir azərbaycanlıda əxlaq birgə yaşayış norması deyil, başqalarına nəzarət metodudur. O, daim pusqudadır, çünki özünün də pusulduğunu bilir.
Müstəmləkə varisi olan azərbaycanlı təhsilə iaşə xidməti kimi baxır. O, oxumağa borclu deyil, kimsə onu oxutdurmalıdır. Ən savadlı müstəmləkə azərbaycanlısının ən sevdiyi söz budur: “Sağ olsun rəhmətlik atam, bizi oxutdurdu!” Yəni öz umuduna qalsaydı, bu adam indi Moskvada “Sadovod” bazarında badımcan satacaqdı. Ümumiyyətlə, nə sirdirsə, Azərbaycanda elm özünü həmişə bazarla müqayisə edir.
Müstəmləkə varisi olan azərbaycanlı üçün pul əmtəə vasitəsi deyil, “cənnət qəbzidir”, mistik gerçəklik faktıdır. Ona görə də pul Azərbaycanda maksimum likvidlik dərəcəsinə çevrilmiş ilahi sevgidir, Hindistanda olduğu kimi.
Müstəmləkə varisi olan hər bir azərbaycanlıda qanuna sitayiş mədəniyyəti deyil, qorxaqlığı rəmzləşdirir. İzahını Frans Fanonun araşdırmalarına əsaslanaraq yuxarıda yazdıq. O, gücünü qanundan yox, adətdən alır. Hüquq yox, haqq tələb edir.
Müstəmləkə varisi olan hər bir azərbaycanlının paltarı özündən daha alicənabdır, pencəyi özündən daha ziyalıdır. Çünki o, əxlaqın yox, tərbiyənin övladıdır. Ona qəlbini deyil, şalvarını təmiz saxlamağı öyrədiblər.
Müstəmləkə varisi olan hər bir azərbaycanlıya görə, yaşı az olan azərbaycanlı yaşı çox olan azərbaycanlının yanında həmişə haqsızdır. Bunun niyəsini nəinki Fanon, heç fələk də izah edə bilməz.
Müstəmləkə varisi olan hər bir azərbaycanlı taleyə reallıq, tarixə xülya kimi baxır. Onun üçün tarixi yox, taleyi daha önəmlidir. Üzdə Babəklə fəxr etsə də, arxada həmişə onu ərəbə satır. Çünki o, öz tarixini yaratmaq üçün canından keçməli olduğunu bilir və bundan ehtiyat edir, tale isə havayıdır, müftə həyatdır, göydəndüşmə xoşbəxtlikdir.
Bu yazdıqlarım bizi dünya azərbaycanlısı olmağa qoymayan səbəblərin bir neçəsidir. Mənə qalsa, gedib qürbət ellərdə şəhərin ortasında qoyun kəsib azərbaycanlılığımızı qorumaqdansa, dünya azərbaycanlısı olub itkin düşməyimizi daha doğru hesab edirəm.
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər