Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq Dövlət Yol Polisi mayın 5-dən 11-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Yol Polisi tərəfindən verilib.
Statistik məlumatlara əsasən cari ilin 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 42 faizini, Bakı şəhərində isə 52 faizini təşkil edir. Təhlillər göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var.
DYP-nin məlumatına görə, məhz buna görə də, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə bir həftə ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılır. Bakıda yol-nəqliyyat hadisələrinin 52%-i piyadaların vurulması ilə nəticələnir. Profilaktik tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısını almaq məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır.
Gülnarə Zeynalova
www.oxu.az