Oxu.Az SSRİ Dövlət Teleradio şirkətinin Mərkəzi Televiziyasının diktoru İqor Kirillovun “Moskva-Bakı” nəşrinə verdiyi müsahibəsini təqdim edir.
- İqor Leonidoviç, televiziya diktoru peşəsi son dövrdə transformasiyaya uğrayıbmı?
- SSRİ-də “diktor” peşəsi daha çox şərti anlayış idi. Biz müxtəlif formatlarda işləməli, bütün mümkün verilişləri aparmalı olurduq. Bu həm əyləncəli-musiqili “Qoluboy oqonyok” (Mavi işıq), eləcə də ədəbi, kino sənətinə dair verilişlər olurdu. Bugünkü reallıqda mənim həmkarlarım artıq “diktor” deyil, “teleaparıcıdırlar”, bu isə artıq düzgün termindir. Doğrudur, hər zaman hər şey buna, bu həqiqətən çətin sənətə müvafiq olmur. Bizim dövrdə diktor sənəti, incəsənət kimi qəbul edilirdi. İndi bu sənətə qarşı münasibət həddən artıq sadədir. “Teleaparıcı” peşəsinin əsasında mühüm olan iki uğur şərti var, bu, jurnalist, icraçı işinin təbii aktyorluq ilə uzlaşmasıdır.
- Siz “Təbii aktyorluğun” - uğurun ayrılmaz hissəsi olduğunu dediniz. Bu barədə bir az ətraflı danışmaq olar?
- Birincisi etiraf etmək lazımdır ki, bizim sənətimiz daima dəyişir. Dediyim kimi “diktor” termini istifadədən çıxıb və “teleaparıcı” termini ilə əvəz edilib. Teleaparıcı olmaq üçün isə burada həqiqətən özünəməxsus xüsusiyyətlər mövcuddur. Müxtəlif profil ali məktəblərində təhsil almaq olar, amma anadangəlmə aktyorluq yoxdursa, o zaman həqiqi uğur qazanmaq üçün şans da azdır. Bu, natiqlik sənətinin əsasıdır. Hər bir insanda anadangəlmə aktyorluq istedadı ya var, ya da ki yoxdur. Təəssüf ki, buna indi lazımi diqqət ayıran yoxdur. Bundan başqa, teleaparıcı sənəti bu gün sona qədər tədqiq edilməyib. Həm də qabiliyyət də olmalıdır. Məhz o zaman insan öz üzərindən “adlayaraq” uğur qazana bilir.
- SSRİ dövründə Mərkəzi televiziyada diktor milli respublikadan gələn ola bilərdi?
- Mən SSRİ diktorlarının hazırlıq kurslarının bədii rəhbəri olduğum dövrdə diktorluğa bütün ittifaq nümayəndələrini cəlb etməyi arzulayırdım. Əgər, məsələn azərbaycanlı rus dilində məntiqi olaraq düzgün, amma kiçik bir ləhcə ilə danışırsa, bu nitq çox gözəldir, belə ki, o, heç bir əlavəsi olmadan axarlıdır. İncə milli intonasiyası olan nitqin rus dilini bəzədiyini düşünürəm.
- Çox güman ki, dünyanı gəzmisiz. Bəs Bakıda necə, olmusuz?
- Əlbəttə. Mən Bakıda olanda bakılıların rus dilində təmiz və gözəl danışmaları məni heyran etdi. Rus dilinə belə səmimi hörmət heyran edir. Azərbaycanlılar rus dilində çox gözəl ünsiyyət qururlar. Bakıda səfərdə olan zaman çoxları ilə görüşə bildim. Azərbaycanın RF-da səfiri, mənim dostum Polad Bülbüloğlu rus dilinin gözəl nümunəsidir. Xalqlarımız arasında rus dili vasitəsilə yaranan dostluq çox dəyərlidir və əsrlərdən keçir. Azərbaycanda saxlanılan “rus dilində danışma” ənənəsini dəstəkləmək və dəyərləndirmək lazımdır.
- Azərbaycan ilə bağlı hansısa bir məşhur hadisə haqqında danışın...
- Həyatımda hər zaman xoş hisslərlə yad etdiyim bir dövr var idi, bu, Leonid İlyiç Brejnevin Bakıya səfərini şərh etdiyim verilişlər zamanıdır. Yadımdadır ki, o zaman bu hadisə ümumi diqqət çəkmişdi. Onu, Azərbaycanda qarşılayan bir çox azərbaycanlılar rus dilində Leonid İlyiçdən daha yaxşı danışırdılar. Bax, belə maraqlı bir fakt.

Azərbaycanda televiziya və radioda çalışan diktorlar haqqında xoş xatirələrim var. Onlar Azərbaycan və rus dilində çox gözəl danışırdılar. Bu, böyük beynəlmiləlçiliyin və xalqlarımız arasında bir-birinə qarşı hörmətin təzahürü idi.
- Bakıya səfər zamanı “ulduz” tanışlığı olmuşdumu?
- Vaxtilə Müslüm Maqomayev ilə yaxşı tanış idik. “Qoluboy oqonyok” verilişində tez-tez dəvət edilən qonaqlardan idi. Mən Müslümün fəxri qonaq kimi iştirak etdiyi Bolqarıstanda keçirilən beynəlxalq müsabiqənin aparıcısı olmuşdum. O, yalnız müğənni kimi deyil, eləcə də aktyor kimi fitri istedada malik idi. Sözün əsl mənasında işinin ustası idi! Çox mehriban və diqqətcil idi.
- Siz rus nitqinin özəlliklərini başqalarından daha yaxşı eşidir və hiss edirsiniz. Necə düşünürsünüz, rus dili ölkələr arasında “sülh səfiri” kimi çıxış edə bilərmi?
- Mən belə cavab verərdim, məni indiyə qədər Azərbaycan Prezidenti İlham Əliyevin təmiz rus dilində danışması heyran edir və sevindirir. İlham Əliyev peşəkar dil ilə desək “televiziyaya uyğundur” ki, onun nitqinə qulaq asanda hər bir sözünə inanırsan. Bundan başqa, onun nitqində hər zaman Rusiyaya hörmət vurğulanır. İndiyə qədər Azərbaycana nostalji hisslər duyuram. Azərbaycan Prezidentinin rus dilində gözəl danışması bizim xalqlarımızın dostluğu üçün dəyərli və mühümdür!
