Xətai rayonunun Əhmədli qəsəbəsində məktəb yolunun yarasız vəziyyətdə olması vətəndaşların narazılığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, söhbət Neapol küçəsi, 8 ünvanında yerləşən 171 saylı orta məktəbin yolundan gedir.
"Bu ünvanda uşaqların dərsə normal gedib-gəlmələri üçün normal piyada yolu yoxdur. Uşaqlar məcbur qalıb ya palçığın içi, ya da maşın yolu ilə getməli olurlar. Piyadalar üçün nəzərdə tutulan yolun başlanğıcını da ərazidəki bina sakinlərindən biri zəbt edib - avtomobilini saxlamaq üçün yolu zəncirlə bağlayıb. Bu eybəcər vəziyyəti görən və bir tədbir görən isə yoxdur", - deyə şikayətdə bildirilib.



Məsələ ilə bağlı iki gün ərzində Xətai Rayonu İcra Hakimiyyətindən mövqe almağa çalışsaq da, bütün cəhdlərimiz nəticəsiz qaldı - nə yazdığımız mesajlara, nə də etdiyimizi zənglərə cavab verən olmadı.
Əzizə İsmayılova