Bu günə təyin olunmuş “Qaziləri yandırma!” aksiyası ləğv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Qaziləri yandırma!” şüarı altında keçirilməsi nəzərdə tutulan aksiyanın təşkilatçılarından olan Qarabağ qazisi Asif Yusifli “Facebook” sosial şəbəkəsində məlumat verib.
Asif Yusifli bildirib ki, II qrup Qarabağ əlili Zaur Həsənovun özünü yandırma həddinə çatdırılmasına etiraz əlaməti olaraq Bakının Fəvvarələr meydanında bu günə təyin olunmuş aksiya ləğv edilib:
“Əziz həmvətənlər hörmətli yurddaşlar. Qarabağ qazisi Zaur Həsənovun özünü yandırmağa məcbur qalması bizi “Qazilərimizi yandırmayın!” şüarı ilə aksiya təyin etməyə vadar etdi.
Bildiyiniz kimi, bu məsləyə dövlət başçısı İlham Əliyev səviyyəsində təzyiqimiz nəticəsində münasibət bildirilib. Hadisə ilə bağlı cinayət işi başlanıb. Onun sağlamlığının bərpası üşün öhdəliklər ən yüksək səviyyədə götürülüb. Bütün maddi ziyanlar ödənilib və bu davam edəcək.
Buna görə də bizim, bütün tələblərimiz yerinə yetirilib. Biz hesab edirik ki, bu aksiya artıq öz məqsədinə çatıb. Təyin etdiyimiz aksiyaya verdiyiniz dəstəyə görə hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun son durumu ilə bağlı açıqlama verib.
Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya bildirib ki, xəstənin yaraları periodik olaraq işlənir, şok əleyhinə terapiya aparılır:
“Həyati vacib orqanlarının normal fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür. Xəstə hazırda reanimasiyadadır, səhhəti ağır-stabil olaraq qalır”.