Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fəxrəddin Atayev: "Qardaşımla sonuncu dəfə danışan mən olmuşam"
"Qardaşım çox mehriban, ali təhsilli biri idi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsinin şəhidi Atakişi Atayevin qardaşı Fəxrəddin Atayev deyib.
O, qardaşı ilə sonuncu söhbətindən bəhs edib:
"Qardaşımla sonuncu dəfə danışan mən olmuşam. 1992-ci il idi. Üçaylıq təlim müddəti artıq bitmişdi. O vaxt mobil telefon yox idi. Atakişi mənə zəng etmişdi. Dedi ki, biz cəbhəyə gedirik. Həmin vaxt o, hərbi komissarlıq tərəfindən döyüşlərə cəlb edilmişdi. 31 yaşı var idi".
F.Atayev bildirib ki, qardaşının hərbi xidmətdə qalmaq fikri olub:
"Ali təhsilli idi, Mexanika-riyaziyyat fakültəsini bitirmişdi. İxtisasına görə, topçu olub. "Şilka" adlanan dördlüləli, aeroportları qoruyan silah var idi, onu idarəedənlər də az sayda olduğundan qardaşım müharibəyə çağırılmışdı. Hərbidə qalmaq fikri var idi".
Müsahibimizin sözlərinə görə, müharibədə qardaşı başından qəlpə yarası alıbmış:
"Döyüş yoldaşları bizə konkret olaraq bir şey deyə bilmədilər ki, necə yaralanıb. Sadəcə, deyilirdi ki, başından qəlpə yarası alıb. Yaralanandan sonra itkin düşüb. Qardaşımın son döyüş yeri Naxçıvanlı kəndi idi. Hazırda həmin ərazi Xocalı rayonuna daxildir".
"Ailəli olub, bir övladı vardı. Üç qardaşın böyüyü idi. Evin böyüyü olmaq, özünüz bilirsiniz, ayrı bir şeydir. Çox aktiv, mehriban biri idi", - F.Atayev deyib.
Aygün Mirakif