"Mənzillərin əlçatanlığı və dayanıqlılığı bir-biri ilə sıx bağlı olmalıdır və bu iki anlayışı bir-birindən ayrı nəzərdən keçirmək mümkün deyil".
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın Ərazilər, Ekologiya və Mənzil İnşası nazirlikləri yanında dayanıqlı şəhərlər və şəhər siyasəti üzrə nazirsəviyyəli nümayəndə İv-Loran Sapoval WUF13 çərçivəsində keçirilən "Mənzil tikintisinin qlobal maliyyələşdirilməsindən əlçatan yaşayış yerinin təmin edilməsi üzrə yerli təşəbbüslərə: Qlobal inkişafın və submilli maliyyələşmənin imkanlarından istifadə" adlı tədbirdə bildirib.
"Hökumətlərin mənzil fondunu kəmiyyətcə artırmaq məsələsində necə böyük təzyiqlə üzləşdiyini anlayırıq. Lakin onu da bilirik ki, İkinci Dünya müharibəsindən sonra mənzillər çox sürətlə tikilirdi - bu hal Fransada digər ölkələrə nisbətən, bəlkə də, daha aydın müşahidə olunur.
Külli miqdarda evlər inşa edilib və indi bizdə kütləvi şəhər yenilənməsi proqramı həyata keçirilir. Yanılmıramsa, söhbət vaxtilə kifayət qədər keyfiyyətli tikilməyən binalara və məhəllələrə yatırılmalı olan təxminən 75 milyard avrodan gedir. Buna görə də əminəm ki, dayanıqlılıq əlçatan mənzil siyasətinin ayrılmaz hissəsi kimi qalmalıdır. Çünki uzunmüddətli perspektivdə dayanıqlılıq elə əlçatanlığın özüdür", - deyə o vurğulayıb.