Türkiyənin İstanbul şəhərində gəzinti üçün Belqrad meşəsinə gedən və yoxa çıxan, günlər sonra sağ tapılan, lakin daha sonra xəstəxanada həyatını itirən 36 yaşlı memar Ece Gürelin ölüm səbəbi açıqlanıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
2 mart 2025-ci ildə yoxa çıxdıqdan dörd gün sonra xilasetmə qrupları tərəfindən tapılan qadının həyatını bütün səylərə baxmayaraq xilas etmək mümkün olmamışdı. Onun ölümü ilə müxtəlif versiyalar irəli sürülürdü. Artıq ilkin hüquqi araşdırma başa çatıb, ölüm səbəbi müəyyən edilib.
Məlum olub ki, Ece Gürel soyuğa məruz qalma (hipotermiya) və bundan qaynaqlanan kəskin böyrək çatışmazlığı kimi ağırlaşmalar nəticəsində ölüb. Onun bədənində dərmanın aktiv tərkib hissələri aşkar edilsə də zəhərlənmədən və ya hipotermiyadan başqa bir səbəbdən öldüyünü göstərən hər hansı tibbi dəlil yoxdur. Buna görə də cinayət işinin açılması üçün heç bir əsas olmadığı barədə qərar qəbul edilib.
Qərarda Ece Gürelin meşəyə tək getdiyi, hadisə baş verən məqamda orada tək olduğu və gəzinti zamanı yolunu azdığı bildirilib.
Xatırladaq ki, meşəçilik fakültəsini bitirən qadın tələbəlik illərindən bölgəni yaxşı tanıyıb və daim bu meşədə gəzib, fotolar çəkib. Onun həyat yoldaşı ilə birlikdə meşədə bəzi səs rituallarına qatıldığı, rəqəmlərin sirri ilə maraqlandığı, stres atmaq məqsədilə meşədə "qışqırıq terapiyası" etdiyi də bildirilirdi. Eyni zamanda Ece Gürelin numerologiya, astrologiya, Tarot falı ilə də maraqlandığı, hətta "Instagram"da "Tarotun Ecesi" adlı hesabı olduğu da üzə çıxıb.
Həmçinin Gürelin yoxa çıxmazdan əvvəl iş yerində həmkarları tərəfindən zorakılığa məruz qaldığı, işdən ayrıldığı, daha sonra yenidən işə qayıtmaq istəsə də müsbət cavab ala bilmədiyi iddia edilirdi.