Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Göyçayda sakinlər yaşadıqları binadan çıxarılıb: İllərdir problemləri həll olunmur - FOTO
Göyçay rayonunda qəzalı binada yaşayan səkkiz ailə dörd ildən çoxdur ki, yaşadıqları mənzillərdən çıxarılıb.
Bu barədə məlumatı Oxu.Az-ın bölgə müxbirinə rayon sakini Bəşirov Etibar Həmid oğlu verib.
E.Bəşirov bildirib ki, illərlə rayonun Atatürk küçəsi 58 saylı peşə məktəbinin yataqxanasında yaşayıblar. Bina qəzalı vəziyyətdə olduğundan ölümlə üz-üzə qalıblar.
2015-ci ilin may ayında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov qəzalı binaya baxış keçirib.
K.Heydərovun tapşırığından sonra peşə məktəbində yaşayan səkkiz ailə kirayə mənzillərə köçürülüb. Həmin dövrdə bildirib ki, yaxın zamanda həmin ailələr üçün yeni evlər tikilərək onların istifadəsinə veriləcək.
E.Bəşirovun sözlərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin rəhbər olduğu dövrdə köçürülən ailələrə hər ay kirayə pulu verilib.
“Dövlət başçısının sərəncamına əsasən, icra başçısı dəyişib, Mehdi Səlimzadə Rayona İcra Hakimiyyətinin başçısı təyin olduğu gündən ailələrin kirayə pulu dayandırılıb”.
Dörd ildən çoxdur ki, həmin ailələr üçün ev tikilmədiyindən onlar çətin vəziyyətdə qalıb. Bu illər ərzində ailələr dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problem həll olunmayıb.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov Oxu.Az-a açıqlamasında bildirib ki, ora yataqxana sayılmır.
O qeyd edib ki, “58 saylı peşə məktəbi Sovet dönəmində fəaliyyət göstərib:
“Sonradan fəaliyyətini dayandıran məktəbə Rayon İcra Hakimiyyətindən sığınacaq istəyən vətəndaşlar yerləşdirildi. Məktəb qəzalı vəziyyətdə olduğu üçün orda yaşayan ailələri kirayə çıxardıq.
Bir müddət öz hesabımıza onlara kirayə pulunda yardım etdik. Amma biz bu yardım üçün üzərimizə heç bir öhdəlik götürməmişik. Biz orada bina tikilməsi üçün sahibkarlara və müxtəlif qurumlara müraciət etmişik. Çalışırıq ki, hazırda kirayədə yaşayan vətəndaşlar evlə təmin olunsun”.
Rəylər