Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 13-də ilk iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, komitənin iclasının gündəliyinə altı məsələ daxil edilib ki, onlardan ikisi “Təhsil haqqında” və “Elm haqqında” qanunlara eyni mahiyyətli dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.
Hər iki qanuna təklif olunur ki, “beynəlxalq müqavilələr” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı” sözlərinə əlavə edilir.
“Təhsil haqqında” və “Elm haqqında” qanunlara dəyişikliklər barədə danışan adıçəkilən komitənin sədri İsa Həbibbəyli bunun çox mütərəqqi hadisə olduğunu bildirib:
“Hər iki qanuna dəyişiklik ölkə prezidentinin parlamentə göndərdiyi qanun layihələrində əksini tapıb. “Təhsil qrantı proqramı” məsələsi məhz dövlət başçısının özünün təşəbbüsü və istəyidir. Bu, çox önəmli bir məsələdir.
Dünyada inkişaf etməkdə olan ölkələr qrant alan ölkələr sayılır, qrant verən ölkələr isə inkişaf etmiş ölkələr hesab olunur. Ölkə prezidentinin atdığı böyük addımlar nəticəsində Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasından dünyanın inkişaf etmiş ölkələri sırasına qədəm qoydu və burada öz şərəfli yerini tutmaqdadır.
Odur ki, artıq Azərbaycan qrant alan ölkədən qrant verən ölkəyə çevrilib. Bu gün müzakirəyə təqdim olunan qısa, amma mahiyyətcə, məzmunca böyük olan dəyişiklik də məhz bundan irəli gəlir”.
Adıçəkilən komitənin üzvü Şəmsəddin Hacıyev “təhsil qrantı proqramı” məsələsinin hər iki qanuna daxil edilməsindən mənunluğunu ifadə edib. Eyni zamanda, təklif edib ki, hər iki dəyişiklikdəki iki dəfə işlədilən “orqanı” sözü başqa sözlə ifadə olunsun və ya biri saxlanılsın.
Komitə üzvü, akademik Gövhər Baxşəliyeva dünyanın bir çox ölkələrinin heç də maddi-təbii sərvətlər hesabına inkişaf etmədiyinə diqqət yönəldib:
“Bu gün bir çox aparıcı Qərb ölkələri də məhz qeyri-maddi sərvətlər, təhsil hesabına öz yüksək inkişaf səviyyəsinə nail olub, lider dövlətlərə çevriliblər. Buna Böyük Britaniyanı, Çexiyanı və digər ölkələri misal göstərmək olar. Odur ki, istər təhsil müəssisələrində, istərsə də elm sahəsində ödənişli təhsil hesabına Azərbaycana böyük vəsaitlər cəlb etmək olar.
Burada diplomların tanınması məsələsi çox aktualdır. Xaricdə yaşayan bir çox həmvətənlərimiz var ki, gəlib Azərbaycanda təhsil almaq, elm sahəsində özlərini sınamaq istəyirlər, amma diplomların tanınması məsələsində müəyyən məqamlar var. Eyni zamanda, bir çox gənclərimiz xaricdə gedib böyük vəsaitlər hesabına ödənişli təhsil alırlar. Ölkədən bu zaman böyük kapitallar kənara çıxır.
Odur ki, bu məsələdə növbəti addımların atılmasına ciddi ehtiyac yaranır. Biz bu istiqamətdə çox vacib addımlar atmalıyıq. Bunun Milli Elmlər Akademiyası nəzdindəki institutlara da, ali təhsil ocaqlarına da müsbət təsiri olar. Yəni, həmin pullar ölkəmizin elm və təhsil sektorunun güclənməsinə öz töhfəsini verə bilər”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az