Oxu.Az-ın Peşəkar rubrikasının budəfəki qonağı Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) informasiya və təhsil şöbəsinin müdiri, Azərbaycanın Uşaq Paralimpiya Komitəsinin (AUPK) direktoru Kamal Məmmədovdur.
- Kamal müəllim, AMPK-da fəaliyyətə necə başladığınız haqqında danışardız.
- Hər şey 2012-ci ildən başladı, o zaman mən öz təşəbbüsümlə Azərbaycanda əlil idmançılara dəstək ictimai təşkilatı yaratdım. Buna qədər mən bu sahədə xarici ölkələrdə topladığım təcrübəyə malik idim, bu səbəbdən də analoji layihəni Azərbaycanda da realizə etmək qərarına gəldim.
Mən idmançılar komandası yığdım, sonra isə bu təşkilatı hüquqi qeydiyyatdan keçirtmək üçün AMPK-ə müraciət etdim. Təşəbbüsümü dəstəklədilər və lazımi yardımı göstərdilər.

Zaman keçdikcə mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək məni AMPK-ə informasiya şöbəsinin müdiri vəzifəsinə dəvət etdilər. 2013-cü ilin sentyabr ayında Azərbaycanda dünyada ilk olan Uşaq Paralimpiya Komitəsi yaradıldı, mənə burada icraçı direktor vəzifəsini təklif etdilər. Bir müddət öncə bir neçə işi birləşdirməli olurdum.
- Sizi əlil idmançılar mərkəzini yaratmağa nə sövq etdi?
- Mənim əsas məqsədim, fiziki imkanları məhdud olan insanlar üçün idman növlərinin təbliğatından ibarət idi, o zaman bu idman növləri haqqında bizdə heç anlayış belə yox idi. Məsələn, boççe, əlil arabalarında rəqs, əlillər üçün boulinq və s.
- Rəqs və boulinq qulağa rahat gəlir, amma boççe...
- Boççe – paralimpiya idmanının əyləncəli və yarışmalı bir növüdür. O, oyunçulardan dəqiqlik, diqqətcillik və konsentrasiya tələb edir.
- Əgər Azərbaycan və digər ölkələrdə paralimpiya idmanının təşkilini və inkişafını müqayisə etmək lazım gəlsəydi, nəyi vurğulamaq istərdiniz?
- Azərbaycanda əlillərin idmanı ilə yalnız AMPK məşğul olur, digər ölkələrdə isə vəziyyət bir qədər fərqlidir. Məsələn, Belarusiyada, Ukraynada, Rusiya, Latviya və digər ölkələrdə paralimpiya komitəsi müxtəlif idman növlərinə kuratorluq edir, bu idman növləri öz federasiyalarında təqdim edilib. Hər bir federasiya ayrı-ayrılıqda paralimpiya idmanının konkret növünün və ya federasiya nəzdində komandanın inkişafı üçün qrantların, pul vəsaitlərinin və sponsorların yardımına ümid edə bilər.
Azərbaycanda isə bir dənə də olsun paralimpiya federasiyası yoxdur, ona görə də yalnız dövlət dəstəyinə ümid qalır. AMPK keçən il Azərbaycan prezidenti ehtiyat fondundan 500 min manat yardım alıb, bu vəsait komitənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, daha dəqiq desək yeni avadanlığın alınmasına ayrılıb. Daha 400 min manat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılıb. Bu da bizim illik büdcəmiz.
Bu vəsait komitənin fəaliyyəti və paralimpiya idman növlərinin inkişafı üşün yetərli deyil. Bu isə çox vacibdir, çünki 2016-cı ildə Braziliyada keçiriləcək paralimpiya oyunları ərəfəsində, hər idman növü üzrə idmançılarımız beynəlxalq səviyyəli yarışlarda iştirak edərək xal toplamalıdırlar ki, bu oyunlarda iştirak edə bilsinlər.
Bu iştirak lisenziyası almaq üçün vacib şərtdir. Biz çempionatları buraxırıq, çünki iştirak üçün vəsaitimiz yoxdur. Ümumiyyətlə, hər şeydə qənaət etməli oluruq.
Konkret rəqəmləri misal gətirim: avqust ayının 27-də Azərbaycanın cüdo üzrə yığma komandası ABŞ-a dünya çempionatına yollandı. Bu səfər 70 min manata başa gəldi. Nəzərə alın ki, bu yalnız bir idman növü üzrə bir çempionatdır. Qeyd edim ki, bu çempionat - bu il ilk çempionat oldu – cüdo üzrə Azərbaycan yığması 2014-cü ilin əvvəlindən hələ heç bir çempionatda iştirak etməyib.
Bizim həmçinin tapançadan güllə atıcılığı komandamız var. Bu komandaya arabada olan əlillər daxildir. Turnirlərə səfərləri təşkil etmək üçün hər şey bir kənara onlara hərəkət etmək üçün yardım edəcək volontyorlarla da təmin etmək lazımdır. 6-8 nəfərdən ibarət komandanın hər səfəri minimum 20 minə başa gəlir. Bu xal yığmağın vacib olduğu idman növlərindəndir, ona görə də bütün çempionatlarda iştirak mütləqdir.
Ölkəmizdə paralimpiya basketbolu ümumiyyətlə, yoxdur. Biz şərait yaratmaq, komanda yığmaq istəyirik, amma yalnız başlanğıc üçün ən azı 100 min manat gərəkdir.
Əlil idmançılar üçün xüsusi arabalar çox bahadır. Yalnız bir məşq arabası 6-7 min avroya başa gəlir. Bəs əgər komanda da 12 nəfər olsa, o zaman araba üçün “yüklü” məbləğ lazım olacaq.
- Başqa sözlərlə, AMPK əlil idmançılar üçün yeganə evdir?
- Bəli, məhz belədir. Hamı yardım üçün bizə müraciət edir. İdmana yeni başlayanlar da, öz idman karyerasında müəyyən uğur qazanan idmançılar da. Çox zaman maliyyə məhdudiyyəti ucbatından biz yeni başlayan idmançılara yardım göstərə bilmirik. Məcburən qüvvə və vəsaitimizi artıq ölkəmizi beynəlxalq yarışlarda təmsil edən cari idmançılara yönəldirik.
Məşqçilərin çatışmazlığı digər problemdir. İş onda deyil ki, bizim mütəxəssislərimiz yoxdur. Hər şey daha bəsitdir – biz onlar üçün sabit maaş təmin edə bilmirik.
Bizim paralimpiya idmançılarımıza məşq etmək üçün məkan yoxdur. Yeganə meydançalarımız Sumqayıt paralimpiya kompleksində yerləşir. Hamı Sumqayıta məşqə gələ bilmir. İnfrastruktur əksər halda əlil-idmançılar üçün əlçatmazdır. Onlar üçün nəqliyyat pulu ayırmaq imkanımız yoxdur. Komitənin hal-hazırda iki mikroavtobusu var, onlardan biri xarici şirkət tərəfindən hədiyyə edilib. Avtobusların hər biri üç əlil arabalı sərnişin üçün nəzərdə tutulub. Biz onları xaricə gedən top-idmançılar üçün işlətmək məcburiyyətindəyik.
Çoxları səhvən yeni gələn idmançılardan kənar gəzdiyimizi, yalnız top-idmançılara vəsait ayırdığımızı düşünür. Biz həm idmana yeni başlayan idmançılara, həm də onların valideynlərinə bunu anlatmağa çalışırıq, amma çoxları başa düşmür, inciyir, küsür, bizi qınayırlar və s.
Başa düşün, biz mümkün olmayanları edə bilmərik. Əgər bizim təşkilat öz vəzifələrinin öhdəsindən gələ bilirsə bu düzgün seçilmiş istiqamətin sayəsindədir. Biz bacardığımızı edirik. Məsələn, ötən il ərzində müxtəlif müəssisələrə 30-a yaxın əlili işə düzəltmişik.
Biz əlil idmançılara hər zaman məsləhət, hüquqi, psixoloji yardım və dəstək göstərməyə hazırıq, təəssüf ki, maddi yardımı hər zaman edə bilmirik...
- Amma yenə də qarşılaşdığınız bir çox çətinliklərə baxmayaraq, Azərbaycanın paralimpiya idmanı kiçik də olsa, inamlı addımlarla irəliləyir. Elə deyilmi?
- Həqiqətən, bizim paralimpiyaçılarımız yüksək nəticələr göstərirlər.
Bizim idmançı-paralimpiyaçılarımız hər dəfə dünya reytinqində irəliləyirlər: 2000-ci il Paralimpiya oyunlarında Sidneydə bizim yığma 60-cı yeri, 2004-cü ildə Afinada – 45-ci yeri, 2008-ci ildə Pekində - 38-ci yeri tutublar.

2014-cü ildə Londonda keçirilən paralimpiya oyunlarında bizim idmançılar sözün əsl mənasında gözəl nəticə göstərdilər. Belə ki, 164 ölkə arasında Azərbaycanın milli Yığması 27-ci yeri tutdu. Londonda bizim idmançılarımız altı növ idman üzrə çıxış etdilər. 21 iştirakçıdan ibarət Milli yığmamız 12 medal qazanıb: 4 qızıl, 5 gümüş və 3 bürünc.
Biz inanırıq ki, qarşıdan gələn, Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya oyunlarında idmançılarımız layiqincə çıxış edəcək və əla nəticə göstərəcəklər.
- Kamal müəllim, idmançılara biznes strukturlar yardım edirlərmi?
- Bu bizim üçün daha çox istisnadır, nəinki qayda. Yalnız bir yerli şirkət rəqs cütlüyünün sponsorluğunu üzərinə götürüb. Bu şirkət idmançılara yalnız maddi deyil, eləcə də mənəvi yardım göstərir. Bu, sadəcə sponsor deyil, əsl dostlardır.

- Kamal müəllim, idmançı-paralimpiyaçıların kateqoriyaları necə müəyyən edilir?
- Paralimpiya idman növlərində tibbi təsnifat anlayışı mövcuddur. Bu çox çətin və məsuliyyətli işdir, çünki idmançı-paralimpiyaçının zədəsi ona hansı idman növündə çıxış etməyə imkan verəcəyini müəyyənləşdirmək lazımdır. AMPK-də iki belə mütəxəssis var.
Elə hallar olur ki, mütəxəssislərdə fikir ayrılığı yaranır. Özünüz başa düşürsüz, lazımi kateqoriyaya düşməyəndə gözlənilən nəticəni də əldə etmək olmur.
- Mərkəzinizin fəaliyyəti sayəsində, Azərbaycan arabalarda boulinq çempionatı keçirən ilk ölkə oldu. Bu ideya necə yarandı?
- Mən sağlam olduğum dövrdən bu idmanı sevirəm. Üç il bundan öncə Riqada dincəlirdim, mənim qohumlarım orda yaşayır, mənə boulinq oynamaq təklif etdilər. Əvvəlcə elə bildim zarafat edir, axı mən əlil arabasında idim, amma o məni razı saldı. Mən sınamaq istədim, demək lazımdır ki, yaxşı alındı. İki saat ərzində məni oyundan ayıra bilmirdilər.
O vaxtdan ağlımda: “Axı niyə komanda yaratmayaq?”, - fikri oyandı. Bir ildən sonra mən komanda yığıb uşaqları hazırlamağa başladım. Azərbaycanın Boulinq Federasiyası ilə əlaqə saxladım. Onlar mənim fikrimin həyata keçirilməsinə yardım etdilər. Federasiya bizə məşq üçün zalı ödənişsiz təqdim edir.
Bu idman növü üçün Azərbaycan prezidenti yanında qeyri-hökumət təşkilatından 6 min manat məbləğində illik qrant alırıq.
Ötən il biz Bakıda boulinq üzrə ilk çempionatı keçirdik. İlk dəfə onda gördüm ki, jurnalistlərdən bu hadisəni işıqlandırmağı xahiş etmək lazım olmadı. Media bu hadisəyə maraq göstərdi, etiraf edim ki, bu bizim üçün adət etdiyimiz bir şey deyildi.
Bundan sonra bizə Ukrayna, Qazaxıstan, Gürcüstan, Belarusiyadan idmançılar müraciət etməyə başladılar, təcrübəmizi istifadə etmək istəyirdilər.
- Kamal müəllim, siz dəfələrlə paraşütlə tullanmısız. Bununla yenə də məşğul olursuz?

- Bu mənim zədə alana qədər arzum idi. Düşünürdüm ki, peşəkar hərbçi üçün bu mütləqdir. Amma iş elə gətirdi ki, bu mənə əlil arabasına otruduqdan sonra qismət oldu. Mən bir neçə dəfə tandemdə tullanmışam.
Mən indi paraşütü paraplana dəyişmişəm – Hollandiyadan olan peşəkar məşqçi ilə məşğul oluram. Əsas çətinlik enməkdir, mən əlil arabasında olduğum üçün bu mənim üçün bir qədər çətindir. Mənim yeni arzum yaranıb – 4 metrlik hündürlükdən paraşütlə tullanmaq. Ümid edirəm ki, bu arzum da həyata keçəcək...

- Kamal müəllim, ixtisasca hərbçi olduğunuzu söylədiniz...
- Bəli, mən Silahlı Qüvvələrin zabitiyəm. Ali hərbi təhsili Türkiyədə almışam. Hal-hazırda ikinci ali təhsilə yiyələnirəm – Moskva Dövlət Sosial-Humanitar Universitetində hüququ öyrənirəm.
- Boş vaxtlarınızda nə ilə məşğul olursuz?
- Mən balıqçı və ovçuyam. Bu sahədə çox uğurluyam, elə bir ov olmayıb ki, ordan əliboş gəlim.
- Kamal müəllim, oxucularımıza və fiziki imkanları məhdud olanlara nə arzu edərdiniz?
- Hər şeydən öncə qeyd edim ki, mən özüm fiziki imkanları məhdud olan insanları təqdim edirəm və bunu unutmuram. Mən əlil arabasında olan insanları təmsil edirəm. Özümü nümunə gətirməklə onlara demək istərdim ki, əgər mən qarşımda duran çətinliklərin öhdəsindən gəldimsə onlar da bunu bacara bilərlər. Heç bir zaman düşünməyin ki, dərdinizlə təkbətək qalmısız.
Vaxt olub ki, işsiz qaldığım zaman müxtəlif kabinetlərin qapılarını döyməli olmuşam. Və mənim yüklü rezümemə baxmayaraq əlil arabamı görən kimi mənimlə danışmaq istəmirdilər... Amma yenə də öz yerimi tapdım. İdmanla məşğul olmağa davam etdim. Gündüzlər tapançadan atış üzrə məşqlərə gedirdim, axşamlar isə taksi sürücüsü kimi işləyirdim.
Həyatım boyu insanlara sübut etməyə çalışıram ki, xoşbəxtlik əldə və ayaqlarda deyil. Əsas odur ki, Allah adamın ağlını almasın. Çünki ağıl bizi insan edən məhfumdur. Əgər öz üzərində işləməyə davam etsən cəmiyyətə, eləcə də özünə xeyir gətirmiş olacaqsan.

Mən: “Uşaqlar, fırçanı götürün və həyatınızı parlaq rənglərə boyayın! Ayaq üstə və ya əlil arabasında olmağımızdan asılı olmayaraq!”- deyirəm.
- Kamal müəllim, çox sağ olun. İşlərinizdə uğurlar, idmanda yüksək nəticələr və yeni arzunuzun həyata keçməsini arzu edirəm. Sizin simanızda bütün paralimpiyaçılarımıza böyük qələbələr arzu edirəm.
- Çox sağ olun. Sizə də uğurlar arzu edirəm!
Gülnarə Zeynalova