KİV-də “Landmark Baku” otelinin satışı ilə bağlı yayılan informasiyalar həqiqətəuyğun deyil.
Oxu.Az xəbər verir ki, bu barədə Gün.Az-a açıqlamasında otelin “AMEinfo” biznes portalının Yaxın Şərqin nüfuzlu rieltor şirkətlərindən birinin hazırda guya “Landmark Baku” otelinin satışı ilə məşğul olmasına dair yaydığı informasiyanı şərh edən rəsmi nümayəndəsi bildirib.
“Biz rəsmi olaraq bəyan edirik ki, otelin satışı barədə informasiya həqiqətəuyğun deyil. Biz bu barədə yazan xarici mətbuatın hansı faktlara əsaslandığını bilmirik”, - deyə oteldən bildiriblər.
“Hətta otelin dəyəri barədə məlumatda göstərilən rəqəmlər belə həqiqəti əks etdirmir”, - deyə oteldən qeyd ediblər.
Xatırladaq ki, “AMEinfo” biznes portalı guya “Basar Group” rieltor şirkətinin (bunlar əsasən Yaxın Şərq iş adamlarıdırlar) müştərilərə Bakıda 115 nömrədən ibarət 5 ulduzlu otelin satın alınması ilə bağlı sövdələşmə təklif edir. Kompleksə həmçinin “A” sinifli 2 ofis binası da daxildir. Materialda göstərilir ki, əmlakı 135 mln. dollara əldə etmək olar.
Eyni zamanda bildirilir ki, arzu olunarsa binaları ayrı-ayrılıqda da almaq olar. Lakin “AMEinfo” 135 mln dollar məbləğin hər üç tikiliyə aid olması və ya bu məbləğin hər bir tikili üçün ayrılıqda nəzərdə tutulması dəqiq qeyd olunmur.