Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məşhur iş xanımı “Qadına qarşı şiddətə son” layihəsini təqdim etdi - FOTO
Məşhur iş xanımı Ruhi Əliyevanın təşəbbüsü və Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə “Qadına qarşı şiddətə son” şüarı altında keçirilən sosial layihənin təqdimatı baş tutub.
Oxu.Az xəbər verir ki, 25 noyabr “Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbirdə millət vəkilləri və incəsənət nümayəndələri iştirak edib.
Gecədə çıxış edən millət vəkili Qənirə Paşayeva hamını ailələri və gələcəyi qorumaq üçün zorakılığa son qoymağa çağırıb: “Analar ağlayanda övladlar gülə bilmir. Hər şey yarımçıq olur. Ailələrimizi, gələcəyimizi qorumaq üçün zorakılığa son qoymalıyıq”.
Millət vəkili Jalə Əliyeva isə qadınların susduqca, daha çox şiddətlə üzləşdiklərini dilə gətirib.
Gecədə çıxış edən “Vicdan haqqı” serialının “Yusif”i aktyor Kamran Yunus “Qadına əl qaldırmaq olmaz. Buna son qoymaq lazımdır” deyib, fikirlərini şeirlə davam etdirib.
Məclisə öz avazı ilə rəng qatan isə Xalq artisti Nəzakət Teymurova olub. O, Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirinə yazılan bəstəni ifa edib.
Xalq artisti Mənsum İbrahimov isə səhnədə “O körpəmin anasıdır” mahnısını səsləndirərək, ifası ilə qonaqların ruhunu oxşayıb.
“Qadına qarşı şiddətə son” layihəsi çərçivəsində qadın zorakılığını əks etdirən sosial videoçarxlar nümayiş olunub.
Həmçinin layihənin təqdimatı zamanı teleaparıcılar Hacı Nuran, Saleh Bağırov, “Kobra” ləqəbi ilə tanınan, 6 qat dünya çempionu, Əməkdar idman ustası Pərviz Abdullayev, aktyorlar Kamran Ağabalayev və Murad İsmayılın iştirakı ilə lentə alınan “Mən sizdən üzr istəyirəm” şüarı altında sosial videoçarx təqdim edilib.
Gecənin sonunda qonaqların hər biri Ruhi Əliyevanın bu təşəbbüsünü yüksək qiymətləndirib, cəmiyyət üçün önəmli olan bu cür tədbirlərin tez-tez keçirilməsini arzuladıqlarını bildiriblər.
Rəşad Əliyev
Rəylər