Yaponiyanın məşhur texnologiya şirkətinin nümayəndələri Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzini ziyarət ediblər.
Oxu.Az-a Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, 14 fevral 2014-cü il tarixində Yaponiyanın məşhur texnologiya şirkəti olan “NEC Corporation” şirkətinin prezidenti Hironobu Kurosaki, “NEC” şirkətinin Mərkəzi Asiya & Zaqafqaziya nümayəndəliyinin rəhbəri Kiiçi Tamida və şirkətin digər rəsmiləri Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzini ziyarət edib.
“NEC” şirkətinin rəhbəri Hironobu Kurosaki və Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev İntellektual Nəqliyyat Sistemi və iri regional layihələr haqqında danışıblar.
Qonaqlar Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin iş prinsipi ilə yaxından tanış olub, ölkəmizdə tətbiq olunan İntellektual Nəqliyyat Sisteminin üstünlükləri haqqında məlumatlandırılıblar.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.