Bəzi oxucular Bakı metrosunun stansiyalarında zibil qutularının olmamasından narazılıq edirlər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Trend-in rəsmi sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, qanunvericiliyə əsasən metrostansiyaları zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb edilir və müvafiq qaydada cərimə olunurlar:
"Bundan əlavə, artıq, demək olar, hamının şüuraltında belə bir fikir formalaşıb ki, metroda siqaret çəkmək, oranı zibilləmək olmaz: "Bu bizim hamımızın ümumi evidir. Metrodan bizim yaxın qohumlarımız, dostlarımız da istifadə edir. Onlar üçün narahatlıq yaratmaq nə dərəcədə düzgündür? Bizim bütün stansiyaların çıxışında zibil qutuları var. Kim istəsə, metrodan çıxan kimi əlindəki zibili həmin qutulara ata bilər".
Şöbə rəisi bəyan edib ki, metrostansiyaların daxilində ümumiyyətlə zibil qutularının qoyulması planlaşdırılmır:
"Metro həm spesifik və strateji nəqliyyat, həm də mülki müdafiə obyeki olduğundan burada təhlükəsizlik baxımından zibil qutularının olması məqsədəuyğun deyil. Ümumən mütəxəssislər hesab edirlər ki, metroda zibil qutularının olması təhlükəlidir. Məsələn, qutulara zibil adı ilə təhlükə mənbəyi olan başqa şeylər ata və ya qutuları yandıra bilərlər. Artıq təcrübədən də bilirik ki, Bakıda təxribat yaratmaq istəyənlər çox zaman bunu ilk növbədə metroda etməyə cəhd göstərirlər. Bakı metrosunda bir neçə il əvvəl terror aktlarının törədilməsi həmin acı təcrübələrimizdən biridir. Ona görə də elə təkcə bunlardan ibrət dərsi götürməyə dəyər".