"Bakı Metropoliteni 2030-cu ilədək "bənövşəyi" xətt üzrə 300-ə yaxın yeni vaqon almağı planlaşdırır".
Oxu.Az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Namiq Yusubov bildirib:
"Hazırda Bakı metropolitenində 71 qatar tərkibi mövcuddur. "Bənövşəyi" xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 300-ə yaxın vaqonun alınması nəzərdə tutulub".
Onun sözlərinə görə, yeni hərəkət tərkiblərinin alınması yalnız "bənövşəyi" xətlə məhdudlaşmayacaq:
"Qırmızı" və "yaşıl" xətlərdə qatarlararası intervalın azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə tutulur".
Yusubov bildirib ki, "qırmızı" xətdə "İçərişəhər" stansiyasında dalan yolunun tikintisi intervalın azaldılmasına imkan verəcək. "Yaşıl" xətdə isə gələcək "Y-14" və "Y-15" stansiyalarının tikintisi və dönmə kamerasının yaradılmasından sonra qatarların daha sıx intervalla hərəkətinin təşkili mümkün olacaq.