Nardaran istiqamətində sərnişin daşıyan özəl mikroavtobusların texniki vəziyyəti narahatlıq doğurub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.


İddia olunub ki, "Koroğlu" metro stansiyasından Nardarana qanunsuz sərnişin daşıyan köhnə "Buxanka" tipli mikroavtobuslar həm qəzalı vəziyyətdədirlər, həm də yüksək sürətlə hərəkət edirlər.
Bildirib ki, sərnişinlər adambaşına 2 manat ödəməklə təxminən 15-20 dəqiqəyə mənzil başına çatırlar. Lakin nəqliyyat vasitələrinin təhlükəsizlik baxımından yararsız vəziyyətdə olması qəza riskini artırır.
"Yeni Böyükşor yolu üzərindən Nardaran istiqamətində lisenziyalı, müasir və təhlükəsiz ekspress mikroavtobus marşrutlarının təşkil edilsə, bağ evlərində yaşayan insanlar da rahat və təhlükəsiz mənzil başına çata bilərlər", - deyə şikayətdə bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələyə aydınlıq gətirib.
Bildirilib ki, AYNA tərəfindən yeni marşrut xətləri istifadəyə verilir, daha müasir avtobuslarla təmin olunur:
"Buna baxmayaraq, təəssüf ki, qeyri-qanuni sərnişindaşıma halları da mövcuddur. Bakı şəhərinin marşrut şəbəkəsinin optillaşdırılması istiqamətində işlər görülür, tələbat olduqda yeni marşrut xətləri təşkil edilir. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir.
Sözügedən yolda marşrut xəttinin təşkil edilməməsinin səbəbi ərazidə demək olar ki, yaşayış məntəqələrinin olmamasıdır. Qeyd edək ki, Nardaran istiqamətində 189 nömrəli marşrut fəaliyyət göstərir", - deyə məlumatda vurğulanıb.