“Naxçıvanın səsi” radiosunun keçmiş rəhbəri Anar Rəsul Naxçıvanda radiolara qoyulan qadağa ilə bağlı Qafqazinfo-da yayımlanan xəbərə münasibət bildirib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Facebook hesabında yazıb:
“Birincisi Naxçıvanda belə qadağa yoxdur. İkincisi doğrudur, xarici mahnlar yerli radiolarda yayımlanmır.
Lakin bu, yenilik deyil. Hələ 2001-ci ildə mən “Naxçıvanın səsi” radiosuna rəhbərlik edən dövrdə bu fikrə gəlmişdik. Düşündük ki, onsuz da Azərbaycanın bütün radioları və qonşu Türkiyənin bəzi radioları Naxçıvanda rahat yayımlanır.
Onlar istənilən janrda musiqi nömrələri, istənilən dildə mahnılar yayımlayırlar. Sırf milli musiqi yayımlayan radio yoxdur. Ona görə də biz bu təşəbbüslə çıxış etdik. Fikrimiz razılıqla qarşılandı və Azərbaycanda ilk dəfə olaraq “Milli radio” devizi altında 2001-ci il noyabr-dekabr aylarından etibarən yalnız Azərbaycan mahnıları yayımlamağa başladıq.
Daha sonrakı illərdə bu ideyaya Naxçıvan Dövlət Radiosu da qoşuldu. O zamandan bəri bu belə də davam edir. Bu ideyanı yalnız alqışlamaq lazım olduğu halda hələ utanmadan bunu “Naxçıvanda qadağa” adı altında oxuculara sırıyırlar. Bu məsələnin indi və yanlış formada gündəmə gətirilməsi ucuz “xəbər alveri”ndən başqa bir şey deyil”.
13:55
Muxtar Respublikada yerli radiolara qəribə qadağa tətbiq edilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yerli radio dinləyiciləri məlumat verib.
Məlumatda bildirilir ki, Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsi yerli radiolarda xarici musiqilərin səsləndirilməsinə qadağa qoyub.
Gün ərzində radiolarda yalnız Azərbaycan musiqiləri səsləndirilə bilər.
Radiolarda, həmçinin yerli rep, rok janrlı musiqilərin və türk mahnılarının da səsləndirilməsi qadağandır.