Yəqin hər birimiz bilirik ki, homo sapiens - şüurlu insan canlı aləmin şahı sayılır, amma təəssüf.
Lakin çox təəssüf ki, bəzi məqamlarda bəzi insanlar Adəm oğlu olduqlarını unudaraq, heyvanların edə biləcəyi hərəkətlərə yol verirlər, hətta olur ki, onların hərəkətlərinə dördayaqlılar da həsəd apara bilər.
Bir müddət əvvəl YouTube-də azərbaycanlı rejissorlardan birinin yollarda maşınların vurduğu heyvanlar haqqında qısametrajlı filmi yerləşdirilmiş və kifayət qədər müsbət rəylər qazanmışdı. Həmin videoda müəllif insanları avtomobilləri daha diqqətlə idarə etməyə, yoldan keçən hevyanları vurmamağa çağırırdı - diqqət edin, müəllif insanlara müraciət edirdi. Və bu əlbəttə ki, təbii qarşılanacaq, çünki adətən heyvanlarla danışan adamlar yalnız filmlərdə olur, reallıqda belə adamlara dəli deyirlər.
Çünki heyvanların şüuru yoxdur, onlar instinktlərlə hərəkət edir, və fikirləşə bilməz ki, bura avtomobil yoludur, maşın hərəkət edir, məni vurub öldürə bilərlər. Bəs insanlar? Şüurlu varlıqlar? Axı insan fikirləşə bilər, həm də fikirləşməlidir ki, piyada keçidinin olmadığı yerdən yolu keçmək ölümlə üz-üzə gəlmək, həyatını riskə atmaq deməkdir.
Hər gün bir qəza baş verir, və statistikaya görə, bu qəzaların 40 faizi piyadaların ölümü ilə nəticələnir. Baş vermiş hadisələri araşdırdıqda isə məlum olur ki, piyadaların vurulması ilə nəticələnmiş yol qəzalarında günahkar 100-200 metr məsafə qət edib piyada keçidindən keçmək istəməyən piyadaların özləridir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedən yol ölkəmizdə ən sürətli yollardan biri sayılır. Həmin yolda tez-tez piydaların vurulması ilə nəticələnən qəzalar baş verir. Axı hansı ağılla düşünmək olar ki, aeroport yolunda 100-120 km/s hərəkət edən avtomobil səni görəcək və yol verəcək? Bəziləri deyəcək ki, bəs yaxınlıqda piyada keçidi yoxdur, piyada keçidinə qədər 500 metr yol qət etmək lazımdır. Sual yaranır - bəs nə etməli? Dünyanın hansı ölkəsində sürətli yolun hər 100 metrliyində piyada keçidi tikilir ki?
Cəmiyyətimizin bəzi üzvləri, hansı səbəbdənsə quraşdırılmış yeraltı və yerüstü piyada keçidində istifadə etmirlər. Bunu müxtəlif bəhanələrlə əsaslandıranlar da az deyil: piyada keçidinə düşə bilmədim, ayaqlarım ağrıyır, çətindir, əziyyət çəkirəm, tələsirəm. Axı hara? Ölməyə hər birimizin vaxtı olacaq, bunun üçün elə də tələsmək lazım deyil.
Bu piyadalar keçiddən istifadə etməyərək, potensial qəza yaradırlar. Çünki avtomobil sürücüsü yolun ortasında qəflət çıxan piyadanı gözləmir, və belə bir mane qarşına çıxanda qəza törədir, nəticədə isə hansısa ailə öz atasını, anası və ya qardaşını itirir. Hər səhər işə gələrkən metronun “Nizami” stansiyasının yaxınlığında bir mənzərə ilə qarşılaşıram: tənzimlənməyən piyada keçidinin olduğu bir yerdən cəmi 3-5 metr aralıda insanlar dəstə ilə yolu keçirlər. Axı 3-5 metr məsafə qət edib piyada keçidindən keçmək bu qədərmi çətindir?
Mən bir vətəndaş və sürücü kimi bu piyadalara intihar edən şəxslər kimi baxıram. Elmdə intihar termininin açılışı belədir: insanın həyatından onun başa çatmasına yönəlmiş hərəkətləri ilə bağlı imtina etməsi. Yəni, piyada keçidinin olduğunu bildiyi vaxtda bilərəkdən yolun icazə verilməyən hissəsindən keçən insan öz həyatını təhlükəyə atır, etdiyi hərəkətlərini ilə özünü ölümlə üz-üzə qoyur. Yuxarıda deyilənlərə əsaslansaq - bu hərəkətin adı intihardır. Bütün dinlər, o cümlədən də İslam dininin intihar edənlərə münasibəti isə birmənalı olaraq hər kəsə bəllidir.
Bu yaxınlarda internetdə bir yazını oxudum. Qazax turist 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə səyahətindən danışır. Onun sözlərinə görə, əyləşdiyi taksi yolda daim 117-119 km sürətlə hərəkət edirmiş. Ondan nə üçün icazə verilən sürətlə - 120 km/saat sürətlə hərəkət etmədiyini soruşduqda isə, cavab belə oldu: bizdə saatda 120 km-dən çox sürətlə hərəkət edib qəzaya uğramış və dünyasını dəyişmiş sürücüləri məsciddə qəbul etmirlər, çünki onlar intihar edən sayılırlar. İslam qaydalarına görə isə, belə şəxsləri məsciddə yumaq olmaz.
Razıyam, bəzi hallarda sürücülər də piyadalara yol vermirlər, lakin gəlin nəzərə alaq ki, Bakıda 600-700 min sürücü var və eyni vaxtda onların yalnız 400-500 mini şəhərdə şəxsi avtomobili ilə hərəkət edir. Bəs şəhərdə piyada sayılacaq vətəndaşlarımızın sayı nə qədərdir? Ən azından 2-3 milyon nəfər. Bu isə bir daha göstərir ki, nisbət piyadaların xeyrinə deyil. Əgər “pis sürücü” 200-300 min nəfərdirsə, “pis piyadaların” sayı bəlkə də 1 milyona çatır.
Və nəzərə almaq lazımdır ki, ölkəmizdə yazılmayan bir qanuna görə, piyadanın vurulması ilə baş vermiş (hətta piyadanın günahı ucbatından belə) qəzalarda həmişə cəmiyyət sürücünü günahkar sayır.
Ümumiyyətlə hesab edirəm ki, sürücülər, hansı ki, sürət həddini aşmır piyadanı keçid olmayan yerdən yolu keçən piyadanı vurur, onlar bütün məsuliyyətdən azad olunsular.
Son statistik məlumatlara görə, artıq bu ilin 9 ayı ərzində 80 mindən çox qayda pozuntusuna yol verən piyada cərimələnib. Cərimələrin məbləği də az deyil - 20 manat. Lakin qəribəsi odur ki, şüuraltı səviyyədə pulu sağlamlıqdan üstün tutan cəmiyyətin nümayəndələri qaydaları pozub bu cərimələri ödəməkdən çəkinmirlər. Bütün bunların fonunda maraqlıdır: biz nəyi gözləyirik, nə baş verməlidir ki biz özümüzü öldürməyək? Televizyada, internetdə hər gün piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə xəbər yayılır, biz bunu çox maraqla izləyirik, hadisəyə acıyırıq, müzakirə edirik, sonra isə evdən, işdən çıxıb növbəti yolda keçidə biganə yaşayaraq həyatımızı təhlükəyə atırıq...
Elvin Əhmədov
www.oxu.az