Azərbaycanın futbol üzrə milli komandası və Ağdamın “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov “Qafqazinfo”ya müsahibə verib.
Oxu.Az xəbər verir ki, müsahibəsində futbolumuzun hazırkı vəziyyətinə toxunan müdafiəçi millinin baş məşqçisi Berti Foqtsla bağlı fikirlərini açıqlayıb:
“Ümumiyyətlə, Berti Foqts çox tələbkar məşqçidir. Onu çox nadir hallarda razı salmaq olur. Hətta bəzən razı olanda da öz razılığını gizlədir, bunu biruzə vermir. Bunun əksinə futbolçuları daim tənqid edir ki, daha yaxşı oynasınlar və oyun səviyyələrini yüksəltsinlər. Berti Fotqs şəxsən mənim uzun illərdir bir yerdə işlədiyim məşqçidir. Məşqçi mənə çox inanır və bu inamını da mənə həmişə hiss etdirir. Fikirləşirəm ki, bu məşqçi ilə işləmək daha rahatdır.
Ancaq o, bir az bizim millidə çətinlik çəkə bilər. Çünki bizdə mentalitet bir qədər fərqlidir, milli çempionatımız başqadır. Ola bilər əvvəllər öyrəşdiyi mühitdə deyil. Çünki qabaq Almaniya yığmasını, Şotlandiya millisini çalışdırıb. Bizə baxanda həmin ölkənin futbolçuları daha peşəkardılar və işlərinə daha ciddi yanaşırlar. Bizdə baxırsan ki, bəzən futbolçuların gözlənilməz problemləri ilə qarşılaşır. Hərdən elə olar ki, yığmanın bəzi aparıcı futbolçuları gəlir və boş-boş zədələri olur və ya yersiz bəhanələr gətirirlər. Oyunlara istənilən səviyyədə hazırlaşmırlar. Bu da sonda nəticəyə də, oyuna da təsir edə bilir”.
Rəşad həmçinin olduğu qrupda 3 qələbə qazanaraq 9 xal toplayan Ermənistan yığmasının uğurlarının sirrini də açıqlayıb:
“Bəli, bu acı bir nəticədir ki, onlar iki dəfədir qrupda yaxşı oyun göstərirlər, normal xallar toplayırlar. Ancaq buna baxmayaraq şükürlər olsun Allaha ki, biz hər mənada, hər sahədə onları qabaqlayırıq. Sadəcə olaraq, bu futbolda bir qədər başqa amillər də var. Baxırsan ki, onların heyətində hücuma meyilli Mxitaryan kimi futbolçu var. Təəssüflər olsun ki, bizim heyətdə hələ ki, belə ustalıq səviyyəsinə malik olan əsasən də hücum qura biləcək futbolçular yoxdur. Əgər İsrail ilə oyunda bizim heyətdə iki belə futbolçu olsaydı , biz oradan 3-0 -lıq bir qalibiyyətlə dönərdik. Bizim heç bir klubumuzda yerli play-maker yoxdur. Ancaq belə baxanda onlar bizdən daha çox məğlub olublar. Bizim 3 məğlubiyyətimiz var, onların 5. Sadəcə olaraq onların qələbəsi bizdən artıqdır”.