Avqustun 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında tədricə mülayimləşəcək.
Havanın temperaturu gecə 23-26, gündüz 26-31 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.