Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şağan sakinləri yağışın fəsadları ilə üz-üzə: Bir ay keçsə də, vəziyyət dəyişməyib
Xəzər rayonu Şağan qəsəbəsində yağış sularının kənarlaşdırılması şəbəkəsi mövcud deyil.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib.
"Bu ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşdirilmiş kanalizasiya sistemi də mövcud deyil. Ancaq belə fors-major hallar olduqda Xidmətimiz tərəfindən yağış sularının təmizlənməsi üçün hər bir köməklik göstərilir. Hazırda da Şağan qəsəbəsindəki suyun çəkilməsi prosesində işlər gedir", - deyə məlumatda qeyd olunur.
Ötən ay Bakının Xəzər rayonunun Şağan kəndində yağan güclü leysan yağışları sakinlərin başına bəla olub. Üstündən bir ay keçməsinə baxmayaraq, yağışın yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb. Sakinlər evlərinə gedib-gəlməkdə böyük əziyyət çəkirlər.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.
Qeyd olunub ki, ərazidə vəziyyət acınacaqlı hal alıb. Küçələr, həyətlər su altında qalıb. İnsanların normal hərəkətetmə imkanları yoxdur.
Məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Bildirilib ki, intensiv və güclü yağış sözügedən ərazidə qrunt sularının səviyyəsinin qalxmasına və subasma prosesinin formalaşmasına səbəb olub:
"Belə ki, ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmaması və fərdi tikililərin tullantı sularının həyətyanı sahədə qazılmış yeraltı şambolara axıdılması, subasma prosesinin dinamikasının yüksəlməsinə zəmin yaradır.
Qrunt sularının səviyyəsinin qalxması, ətraf ərazilərdə subasma və ayrı-ayrı sahələrdə kiçik gölməçələrin yaranmasına səbəb olub. Bununla əlaqədar rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin texnikaları cəlb edilməklə yağış sularının kənarlaşdırılması işləri həyata keçirilib".
Açıqlamada bildirilir ki, Şağan qəsəbəsində qrunt suları üçün iki nasos quraşdırılıb.
"Onların hər biri gündə 250 kubmetr suyu lüklərə vurur. Hazırda həmin ərazidən su çəkilməsi davam edir.
Əlavə olaraq qeyd olunan işlərin davam etdirilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət ünvanlanıb", - deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Masazır sakinlərinin bitməyən kanalizasiya problemi: "Mişardaşı döşəmişik ki, işə gedə bilək"
- Sumqayıtda şagirdlər yağış sularına görə ÇIXILMAZ VƏZİYYƏTDƏ
- Masazırda küçələri su basdı: 25 nəfər təxliyə edildi - RƏSMİ
- Bakıda məktəbin qarşısında yaranan ANTİSANİTAR vəziyyət aradan qaldırılıb
- Sulutəpə qəsəbəsində həyətləri su basdı, küçələr KEÇİLMƏZ OLDU
Rəylər