Qazaxıstanda Kokşetau tikintilərinin birində qalmaqal yaranıb. Azərbaycandan olan podratçı fəhlələrə məvaciblərini verməyib, onlar pasportlarını lombarda verərək, birtəhər keçinmək üçün pul götürüblər.
Oxu.Az bu barədə nur.kz saytına istinadən xəbər verir.
“Podratçının adı Sadiq Nurullayev olub. O, Azərbaycanın Şəki şəhərinin sakinidir. O, fəhlələrinə 1,5 milyon təngə borcludur. Şəhərdə isə sahibkarlardan 12 milyondan çox borc götürüb. Fəhlələrə müxtəlif səbəblərdən pul verməyib, əsasən də maliyyənin çatdırılmadığını səbəb gətirib. Onları ələ salıb. İnsanlar bomj kimi yaşayırdılar.
Onun ustalardan birinə milyon təngəyə yaxın borcu olub, o, Bakıya demək olar ki, əliboş qayıdıb, ustaya 5-6 min təngə bilet üçün və 100 dollar verib. Ustalar aclıq çəkirdilər, onlar pasportlarını lombarda verərək, birtəhər keçinmək üçün pul götürürdülər”, - fırıldaqçının əməllərindən zərər çəkən nur.kz müxbirinə danışıb.
Həmsöhbətin sözlərinə görə, baş podratçılardan birinə Sadiq Nurullayevin 750 min təngə borcu olub:
“Həmin adam Nurullayevi məhkəməyə verdi və məhkəməni uddu. Amma borc qaytarılmadı. O vaxtdan Nurullayev Qazaxıstandan çıxa bilmir. Digər sahibkara o, 4 milyona yaxın pul borcludur.
Onun xaricə getmək imkanı yox idi. Ona işləyən azərbaycanlılar hər iki aydan bir qanunauyğun olaraq vətənlərinə getməli idilər. O, onları sərhəddə aparır, özü sərhəddən bir km aralıda durur, həmvətənləri geri qayıtdıqda isə onları geriyə - Kokşetauya gətirirdi”, - kişi izah edib.
Həmsöhbət həmçinin 2013-cü ilin iyulunda baş vermiş bir hadisə barədə danışıb. İş zamanı “bolqarka”nın nasazlığı ucbatından usta xəsarət alıb, disk ilə onun gözü zədələnib.
Nurullayevə isə dəfələrlə bu alətin nasazlığından şikayət edilib və onun təmirə ehtiyacı olması barədə xəbərdarlıq edilib. Onlar hamısı çox sərt şərtlər altında – xüsusi geyimsiz, papaqsız və eynəksiz çalışırdılar.
İndi kişi ədalət tələb edir. O, Sadiq Nurullayevin Qazaxıstan sərhəddini keçməyə müvəffəq olmasına qəzəblənib. Akmolinsk vilayəti üzrə Daxili İşlər İdarəsində fırıldaqçının axtarışda olduğunu bildiriblər.
