Son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, 2700-dən çox yeni məktəb tikilib, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb.
Oxu.Az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı bildirib:
“Hazırda məktəb müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir. Ötən il 3286 vakant yer müsabiqəyə çıxarılıb. İmtahanlarda 15030 nəfər iştirak edib, onlardan 1281 nəfər işə qəbul olunub. Əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülüb. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlayıb. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir”.
M.Cabbarov Təhsil Nazirliyinin Aparatında struktur dəyişikliklərinin edilməsindən də danışıb:
“Təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılıb və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilib. Ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib. Nəticədə aparılan statistika göstərib ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalıb”.