Dövlət başçısının yol vergisi ilə bağlı yanacağın qiymətinin artırılmasına dair Tarif Şurasının verdiyi qərarı ləğv etdikdən sonra Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əmək haqqını artırmaq barədə imzaladığı Sərəncam neftin dünya bazarlarında ucuzlaşması fonunda “şok” təəssüratı yaratdı.
Ona görə yox ki, bir tərəfdən yanacağın bahalaşması əleyhinə, digər tərəfdən isə müəllimlərin maaşlarının artırılması istiqamətində addım atıldı. Sadəcə o mənada ki, sosial sferada əməkhaqqının artımı ölkəmizdə adətən həmişə ilin ikinci yarısında artırılırdı. Başqa sözlə desək, dövlət büdcəsinin icra vəziyyəti aydın olduqdan sonra. Ümumiyyətlə, əmək pensiyalarının sığorta hissəsi istisna olmaqla bizdə, son illər ərzində heç vaxt yanvarın 1-dən sosial istiqamətdə artımlar həyata keçirilməyib.
Sadəcə, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Sərəncam ilk belə hadisə oldu. Özü də təkrar edirik ki, neftin dünya qiymətləri büdcədə nəzərdə tutulduğundan 2 dəfə aşağı olduğu vaxtda.
Sözümüz bunda deyil.
Sərəncam hökumətin ölkə əhalisinin daima sosial müdafiəsinin qayğısına qaldığına daha bir əyani sübut olmaqla yanaşı, təhsili maliyyələşdirmədə yeni qaydaya keçid kimi qiymətləndirilməlidir. Onun ən böyük dəyəri də məhz bundan ibarətdir.
Bunun zəruri olduğu hələ bir neçə il bundan öncə görünürdü. Belə ki, hələ 3 il öncə yazmışdıq ki, təhsildəki problemlərin kökü maaşlarda deyil: büdcədən təhsilə аyrılаn хərclərin аz оlduğunu və hökumətin bu sаhədə yürütdüyü siyаsətin düzgün olmadığını deyənlər heç də sağlam məntiqə və məsələnin kökünə əsaslanmırlar.
2015-ci ildə təhsilə ayrılan xərclər 1711,2 milyon manat təşkil edir. Bu da 2014-cü illə müqayisədə 57,7 milyon manat və yaxud 3,5 faiz çox deməkdir. Ölkədə təhsilə ayrılan xərclər 2009-cu ildən etibarən, hər il artır. Belə ki, həmin ildə 1147,9 milyon manat, 2010-cu ildə 1180,8, 2011-də 1268,5, 2012-də 1511,5, 2013-də isə bir qədər az - 1 437,7 milyon manat olsa da, keçən il 1653,4 milyon manat təşkil edib.
Düzdür, sözügedən sahəyə bundan da artıq vəsait ayırmaq olar və mümkündür. Amma məsələ bundadır ki, ölkəmizdə büdcədən təhsilə аyrılаn vəsаit indikindən оn dəfə аrtıq olsа bеlə, insan kapitalına çevrilməyəcək. Ona görə ki, bizdə bu sahədə düzgün mexanizm fəaliyyət göstərmir və təhsili maliyyələşdirmədə strateji məqsəd nəzərdən qaçırılır.
Məsələn, 2013-cü ildə Dünya İqtisadi Forumunun (DİF) 2013-2014-cü illərdə qlobal rəqabətqabiliyyətliliyə aid hesabatında 7 pillə yüksələrək 148 ölkə sırasında 39-cu pilləyə çıxmağımıza dair şərhimizdə yazmışdıq ki, qeyd olunan nəticə ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması, yeni iqtisadi artım mənbələrinin yaradılması məsələlərinin həllini - insan kapitalını inkişaf etdirməyi ciddi vəzifə olaraq qarşıya qoyur.
DİF hesabatı hazırlayarkən institutsional vəziyyətə, infrastruktura, makroiqtisadi sabitliyə, səhiyyə, ibtidai təhsil ilə ali təhsildə professional hazırlıq səviyyəsinə, istehlak mallarıyla əmək bazarının səmərəliliyinə, maliyyə bazarının inkişafına, texnoloji səviyyəyə, daxili bazarın həcmi ilə yanaşı, şirkətlərin rəqabət bacarığına, o cümlədən innovativ potensiala diqqət yetirir.
Keçən ilki hesabatda isə Azərbaycan bir il əvvəlki göstərici ilə müqayisədə 1 pillə irəlilədi. Bu da müsbət nəticə idi. Ancaq hesabatda makroiqtisadi sabitliyə görə 9-cu, əmək bazarının effektivliyi üzrə 33-cü yeri tutsaq da, biznesə dəstək üzrə 80-ci, infrastruktur üzrə 70-ci, ali təhsilə görə 90-cı, tibb və ibtidai təhsil üzrə isə 104-cü yerlərə layiq görüldük.
Halbuki ölkəmizi 2020-ci ilədək daha sürətlə inkişaf etdirmək üçün iqtisadiyyatı modernləşdirmək, yüksək texnoloji avadanlıq və texnologiyalar cəlb etmək, innovativ inkişaf və ixtisaslı kadrların yetişdirilməsi - insan kapitalından istifadə əsas hədəf olaraq seçilmişdir.
Amma ali təhsil üzrə 90-cı, ibtidai təhsildə isə 104-cü yeri tutmağımız vəziyyətin qətiyyən buna cavab vermədiyini göstərir. Ümumiyyətlə, ölkəmizin son illər ərzində əldə etdiyi tərəqqiyə əsasən, ibtidai təhsil ilə ali təhsilə ciddi fikir vermək zərurəti çoxdan özünü göstərirdi.
Ancaq bunun yolu təkcə maaşları artırmaqdan keçirmi? Şübhəsiz ki, yox...
Yeri gəlmişkən, müəllimlərin mааşları yüksək оlan ölkələrdə ən nüfuzlu tədris müəssisələrinin аrхаsındа güclü sаhibkаrlıq strukturlаrı dаyаnır. Və ödənişləri də hökumət - dövlət dеyil, məhz onlаr həyata keçirirlər. Çünki sahibkarlar real sektorla çаlışdıqlarından, iqtisadiyyatda hаnsı iхtisаsdа kаdrlаrа еhtiyаc yarandığını bildiklərindən həmin istiqаməti mаliyyələşdirirlər.
Odur ki, təhsili maliyyələşdirməyə çəkilən xərclər kəmiyyətcə deyil, kеyfiyyətcə yaxşılaşdırılmalıdır. Dövlət başçısının Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əmək haqqını artırmaq barədə Sərəncamı da bu mənada ilk addım sayılır. O mənada ki, Sərəncamdan təxminən 30 minə yaxın müəllim yararlanacaq ki, bu da təkrar edirik, paytaxtda yerləşən ümumtəhsil məktəblərinin müəllimlərinə aiddir.
Ölkə üzrə məktəblərdə isə təqribən, 200 min nəfərə yaxın müəllim çalışır. Sual olunur ki, bu qədər böyük “ordunun” əmək haqqını standart olaraq artırmaq müsbət nəticə verə bilərmi?
Ümumiyyətlə, neft pullarını sözügedən kapitala çevirməyin yolu yalnız təhsilin iqtisadiyyatın tələbləri əsasında fəaliyyət göstərməsindən keçir. Dünyanın bütün inkişaf etmiş ölkələrində təhsil müəssisələri məhz bu cür fəaliyyət göstərirlər.
Azərbaycanda büdcədən təhsilə аyrılаn vəsаitlərin həcminin insan kapitalının inkişafına xidmət etməməsi də bundan irəli gəlir.
Pərviz Heydərov
www.oxu.az