Pilləkənləri qalxırıq. Yanımda sosial işçi Ülkər xanımı görən qonşular onunla salamlaşır, “Zərifə xanım sizdən razılıq edir”, - deyib gülümsəyirlər.
Oxu.Az-ın əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi şöbəsinin Sosial xidmət sektorunun iki sosial işçisinin tənhalara göstərdikləri xidmətlə tanış olublar.
Sosial işçi ilə tənha yaşayan 85 yaşlı Zərifə Rəhimovanın evinə qonaq olduq. Qapı qarşısında bizi görcək, bir anlıq təəccübləndi, eyni zamanda, kövrəldi. “Xoş gəlmisiniz, buyurun, qızım”, - deyib bizi içəri dəvət etdi.
Zərifə xanım uzun illərdir ki, tənha yaşayır. Ailə həyatı qursa da, övladı olmayıb.
Sosial işçi Ülkər Hüseynova adəti üzrə Zərifə xanımla hal-əhval tutub işə başladı.

Qonağı olduğumuz Zərifə Rəhimovanın 85 yaşı var. Bir zamanlar o da bir çox qadın kimi işləyib:
“Ömrümün 40 ilini bağçada müəllim kimi fəaliyyət göstərmişəm. Artıq neçə ildir ki, tənha yaşayıram. Əziz bayramlarda başqalarının qardaşı, övladları onu görməyə gəlir, mənim isə heç kimim gəlmir (ağlayır). İki bacı, bir qardaş olmuşuq. Bacım rəhmətə gedib, qardaşım isə sağdır. Amma xəstədir”.
85 yaşlı qadın deyir ki, kimsə onun qapısını açanda uşaq kimi sevinir:
“Əvvəllər bayramlarda bizə dövlət tərəfindən müəyyən sovqat göndərilirdi. Bu, çox xoş olurdu. Bizim kimi tənha, yaşlı adamların yada düşməsi bizə dünya boyda sevinc bəxş edirdi. Amma indi həmin yardımlar olmur. Nə olar ki, mənim kimi yaşlı, tənha, əlil qocaları yada salsınlar, ziyarət etsinlər.
Ailə həyatı qursam da, övladım olmayıb. Yoldaşım rəhmətə gedib. Bəlkə də, onun üçün gözüm yolda qalır. İnsanın ayağının olması vacibdir. Kaş qolumun biri olmayaydı, amma ayağım olaydı. Yaşadığım evə köçəndə bu evi özüm təmir etmişəm. İndi baxıram, deyirəm ki, Ay Zərifə, indi bir stəkan suyu belə töküb içə bilmirsən”.
20 ildir qocalara baxan Ülkər Hüseynova deyir ki, onların vəzifəsi yaşlılara xidmət etməkdir:
“12 ahıla, hərəsinə həftədə iki dəfə olmaqla, xidmət göstərirəm. Hər gün həmin qocalara baş çəkir, qayğılarına qalıram. İş saatım səhər saatlarından axşam 17:00-da kimi davam edir. İşim çoxdur, amma bu mənim borcumdur.
Qocaların evinə gələn kimi əvvəlcə onların kommunal ödənişlərinin ödənməsinə kömək edir, yeməklərini bişirir, evlərini yığışdırır, dərmanlarını, çörəyini alıram.
Hər ay pensiya kartından pulu çəkib, onlara veririk. Elə qocalar olur ki, həssas olur, daha çox qayğı tələb edir. Bizim işimiz budur və onların istəklərini yerinə yetirməliyik”.

Zərifə Rəhimova söhbətimiz zamanı zarafatından da geri qalmır və sosial işçiyə necə müraciət etməsindən danışır:
“Əvvəl pensiya ilə əlaqədar gedib-gəlirdim. DSMF-nin bir işçisi mənim çətinliklə işə gedib-gəldiyimi gördü və dedi ki, qocalara kömək üçün sosial işçi var. Onlar sizə kömək edə bilər. Mən də sosial işçi üçün müraciət etdim.
Ülkərdən razıyam. Həftədə iki dəfə mənə köməyə gəlir. Ancaq lazım olanda çağıran kimi gecə də olsa, gəlir. Hərdən Ülkər deyir ki, işdən çıxacam. Deyirəm, Ülkər, məni qoyub, hara gedirsən? Mən öləndən sonra çıxarsan. Təkəm, hər gün gözüm qapıdadır”.
Zərifə xanımla söhbətimiz xoş olsa da, ayrılıq məqamı çatır. Qapıdan çıxanda “Gəlin, yenə gəlin”, - deyə sözlərini təkrarlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi şöbəsinin Sosial xidmət sektorunun müdiri Lətifə Bağırovadan öyrəndik ki, xidmətdə 25 nəfər sosial işçi, iki nəfər aparıcı məsləhətçi var:
“232 tənha ahıl və əlilə xidmət göstərilir. Onlardan 158 nəfərinin yaşı 70-dən yuxarıdır. Yaşı 70-dən aşağı olanların sayı isə 74 nəfər təşkil edir. Xidmətə götürülmüş tənha vətəndaşların 37 nəfəri cütdür. Həkim məsləhət komissiyasının rəyi əsasında 96 nəfər əlilə, o cümlədən 26 nəfər I qrup, 70 nəfər II qrup əlilə xidmət göstərilir”.

Lətifə Bağırova qeyd edib ki, hər bir sosial işçi 12 tənhaya xidmət edir:
“Ahıllar özləri bizə müraciət edirlər. Mənzil Kommunal Təsərrüfat Birliklərinə, bələdiyyələrə müraciət edərək, tənhaların siyahısını əldə edirik və onlara xidmət edirik. Onlar vəfat etdikdə və qeydiyyatına kimisə aldıqda, qohumları ilə birlikdə qaldıqda, tənha ahılların xidmətindən çıxarılır”.
Qeyd edək ki, sosial işçilər xidmət göstərdiyi şəxslərin pulları ilə onların dərmanlarını alır, kommunal xərclərini ödəyir, bazarlıq edir. Eyni zamanda, Təcili Tibbi Yardım çağırır vəs sair işləri yerinə yetirirlər.
Sosial işçilərin xidmətindən istifadə edən digər ahıl həmsöhbətimiz isə Talışov Gerald İbrahimoviç və Talışova Vera Qulamovna cütlüyü oldu.
Talışova Vera Qulamovna deyir ki, 46 il görmə və eşitmə əngəlli uşaqlarla işləyib:
“Həyat yoldaşımla Bakıda tənha yaşayırıq. Bir oğlum var. Hazırda Rusiyada yaşayır. İldə bir dəfə onları görməyə gedirik. Nə qədər deyir ki, onların yanında yaşayaq, amma biz razılaşmırıq. Azərbaycanda yaşamaq gözəldir”.

Həmsöhbətim deyir ki, həyat yoldaşının və özünün səhhətində problem yarandığı üçün sosial işçi xidmətinə müraciət edib:
“Bəzi insanlar sosial işçiləri qulluqçu kimi anlayır, amma bu, düzgün deyil. Onlar bizlərə kömək göstərirlər. Problemlərimizlə maraqlanırlar. Mənə xidmət edən Tahirə xanımdan çox razıyam. Bilirsiniz, necə gözəl ləvəngi bişirir?! Superdir (gülür). Yoldaşım əməliyyat olan vaxt dedi ki, mən xəngəl istəyirəm. Tahirə onu da bişirdi. O, bizim ailə üzvümüz kimidir”.
Tənha cütlüyə xidmət edən Tahirə Bağırova deyir ki, 20 ildir sosial işçi kimi xidmət göstərir:
“Əsas işim əlilliyi, xəstəliyi olan ahıllara kömək göstərməkdir. 1997-ci ildə təlimat əsasında işləyirdik. Amma Nazirlər Kabinetinin 2013-cü il 22 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar olaraq özünə qulluq olmayan qabiliyyəti olmayan şəxslərə sosial qulluq qaydası müəyyənləşib.
Ahıllara, tənhalara yemək hazırlayır, özünə qulluq etməyən şəxsi yedirdir, çimizdirir və başını darayırıq. Yəni, bizim işimiz onların məişət qayğılarını yüngülləşdirməkdir. Çalışırıq ki, onlara kömək edək.
Çox həssas və gülərüz olmalıyıq. Qocalarla işləmək çox çətindir. İki ahıla xidmət edirik. Çətin osa da, bu, bizim işimiz və borcumuzdur. Öz işimizi layiqincə yerinə yetiririk”.

Tənhalara, ahıllara yalnız qayğı lazımdır. Çünki göstərilən qayğı onları uşaq kimi sevindirir.
İlhamə Əbülfət
FOTO/VİDEO: Sadiq Fərzəlibəy
www.oxu.az