Mer Oleq Babayevin xatirəsinə həsr edilmiş heykəltəraşlıq kompozisiyasını bu günlərdə Kremençuqda açıblar.
Mərhumun adını daşıyan bağda, həyatın tez ötüb keçməsinin nişanəsi olan sınıq skamyada oturmuş, bürüncdən tökülmüş heykəli də qoyulub.
Oxu.Az bu barədə kp.ua-ya istinadən xəbər verir.
Heykəli xarkovlu, mərhum Oleq Meydanoviç kimi əslən azərbaycanlı olan heykəltəraş Eldəniz Qurbanov hazırlayıb. Kompozisiyanın quraşdırılmasına şəhərin büdcəsindən bir qəpik də sərf edilməyib, bütün xərcləri Babayevin dostları öz üzərinə götürüblər. Amma heykəlin qoyulmasına dair mübahisələr olub. İctimaiyyəti, merin xatirəsinin onun ölümündən yarım ildən sonra əbədiləşdirilməsi qıcıqlandırıb, axı niyə hamı kimi onun da xatirəsi 10 il sonra əbədiləşdirilmir (bu, şəhər şurasının xüsusi müddəasında qeyd edilib).
Postamentin açılışında çoxlu sayda adam toplanıb – mərhumun valideynləri, qızları, dostları, şəhər icra komitəsinin işçiləri və Kremençuq şəhərinin sakinləri heykəlin önünə güllər düzüblər.
Oleq Meydanoviçin qətlinin istintaqı demək olar ki, bitib.
“Dörd şübhəli, 7 vəkil və 5 zərər çəkən işin materialları ilə tanış olurlar – brifinqdə Poltava vilayətinin prokurorunun s.i.e. Yuri Kravçenko bildirib – Məhkəməyə qədərki dövrdə şahid qismində 590 nəfər dindirilib, şahidlər və şübhəli bilinənlərlə 10 istintaq ekspertizası, 117 ekspertiza: tibbi-məhkəmə, immunoloji, tibbi-kriminal, məhkəmə-ballistik ekspertiza aparılıb”.
İstintaqın şübhəsi yoxdur ki, Kremençuqun merini killerlər qətlə yetirib, qətli isə yerli TƏM (Ticarət Əyləncə Mərkəzi) rəhbərləri sifariş ediblər. Cinayəti törətmələri ehtimal edilən cinayətkarlar 2014-cü ilin sentyabrında saxlanılıblar. Amma onlar iddia edirlər ki, günahı boyunlarına götürmələri üçün onlara təzyiq göstərilib. Beləliklə də bu iş üzrə son qərarı məhkəmə verəcək.
