Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vətəndaşın evini başına uçurdan "Melissa Group"un rəhbəri Qalib Məmmədovu hansı cəza gözləyir?
Yasamalda yaşayış olan evi sökən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədova verilən ittiham məlum olub.
Oxu.Az xəbər verir ki, iş adamına Cinayət Məcəlləsinin 186.2.1 (özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.
Bəs görəsən, əməli sübuta yetirilərsə, Qalib Məmmədovu neçə il həbs cəzası gözləyir?
Vətəndaşların mülkiyyət hüququna qəsd edən şəxslər cinayət qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Bununla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin konkret tələbləri var. Belə ki, 186.2.1. maddəyə əsasən, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə bu əmələ görə şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:
"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək".
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb. Eyni zamanda Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı.
Məhərrəm Əliyev