Aqşin Yenisey yazır...
Əvvəlcə dünyada miflər, tanrılar vardı, bir-biriləri ilə döyüşərdilər.
Sonra insan yarandı və dünyanı onların əlindən alıb öz döyüş meydanına çevirdi.
İndi isə uzaqdan süni zəkaların səsi gəlir; xəbər yayılıb ki, onlar da dünyanı bizim əlimizdən alıb öz döyüş meydanlarına çevirəcəklər.
Sosial şəbəkələrin “zühur”u həyatımıza xeyli saxta gerçəklik gətirdi, bir növ, real həyatımızın makiyajına çevrildi, əsl üzümüzü gizlədi, bizi yenidən modern çağdan öncəki maskaradlara götürdü.
Sosial şəbəkələrin həyatımıza gətirdiyi ən böyük “nemət”lərdən biri və bəlkə də, birincisi saxta, yalançı, əldəqayırma insan azadlığıdır. Virtual dünyada – mən onu inanca görə, ruhların yaşadığı üst dünyanın əksinə, ruhsuzların yaşadığı alt dünya adlandıracağam - hamı azaddır. Bəlkə də, yeganə mənəvi-ruhani ehtiyacdır ki, sosial şəbəkələrdə azadlıqdan heç kim korluq çəkmir, əksinə, bəzən virtual əhali azadlığın bolluğundan şikayətlənir, “bu qədər də olmaz” deyib bir-birilərinin azadlığına ağız büzürlər, məsələn, “qadınlara azadlıq” demək azadlıqları da var, özünü azad hiss edən yarıçılpaq bir qadının şəklini paylaşıb “bu nə azadlıqdır” demək azadlıqları da.
Alt dünyadakı “bizlər” buradakı “bizlər” deyilik, oradakılar özümüzdən yaratmaq istədiyimiz, olmaq istədiyimiz, özümüzdən uydurduğumuz özümüzük. Buradakı “özümüz”lərsə ola bilmədiyimiz, alındıra, tutuzdura bimədiyimiz “özümüz”lərdi.
Biz sosial şəbəkələrdə, bir növ, özümüzü tutuzdurmağa, şou dili ilə desək, özümüzü “raskrutka” etməyə çalışırıq. Virtual dünya bizim metafizik bəkarəti pozulmuş paralel dünyamızdır, amma biz oradakı özümüzə buradakı özümüzün oxşarı, paraleli kimi deyil, bəndəsi kimi yanaşırıq, çünki onu biz yaratmışıq. Ancaq o daha bizə itaət etmir, bizi inkar edir, asimizə, ateistimizə çevrilir. Nədən əcəba? Çünki o, bizdən daha azaddır! Azadlığın əldəqayırması da insana güc verir!
Bizi sosial şəbəkələrdə, yəni alt dünyada bu qədər azad qılan şeylər nələrdir?
Birincisi, bilgi iyerarxiyasının dağılması. Real həyatda bilgi vektorial təbiətə malikdir: öyrədəndən öyrənənə doğru axır, ustaddan şəyirdə, mürşiddən müridə ötürülür. Sosial şəbəkələrdə bu axın, bu nizam pozulub. Bilgi sinfi xarakterini itirib. Orada artıq öyrənən sinif yoxdur, hamı öyrədəndir. Aramızdakı bilgi bərabərsizliyi aradan qalxıb, bilgi, məlumat sosializmi baş verib. Sosial şəbəkələrdə artıq falaqqa qorxumuz yoxdur. Bilmədiyimizə görə bizi incidən, tənbeh edən, tək ayaq üstə saxlayan olmayacaq. Bilməməyimiz bizə azadlıq bəxş edib: Öyrənməmək, bilgi dərdi çəkməmək azadlığı! Porsuq kimi vicdanımız rahat, əsəblərimiz sakitdir, çünki bilmirik, xəbərimiz yoxdur. Bilik stress mənbəyidir, vicdan əzabıdır, yuxu pozğunluğudur. Əlvida, bilik!
Biz alt dünyada bilməməyimizin işığına yığışmışıq. Real həyatda bilgi bizi baxar kor etmişdi, dilimizi bağlamışdı, ağzımızı açmağa qoymurdu, bizi danlayırdı, utandırırdı, bilgini görəndə ölüb-əriyib yerə girirdik, qaçıb gizlənirdik. Yaşadığımız dünyada bilgi bizi bilmədiyimiz tərəfdə oynamağa buraxmırdı, bilmədiyimizlə bizi qorxudurdu, bilməmək cəhalətdir, ayıbdır deyirdi.
Amma biz həmişə bilməmək istəyirdik, bilməmək bizə daha cazibədar görünürdü. Bilməməkliyin hüdudsuz azadlığına həsrətlə baxırdıq. Bilməmək üçün nələr etmirdik, pərvərdigara, nə səbəblər, nə bəhanələr uydurmurduq?
Və o gün gəldi. Bir səhər oyandıq ki, bilməməyimiz öz azadlığına qovuşub. Bilginin xuntası devrilib. Hamımız evlərimizdən çıxıb min illərdir arzusunda olduğumuz bilməməyimizin “işıq gələn” səmtinə qaçdıq və gəlib doluşduq sosial şəbəkələrə. İlahi-pərvərdigara, bu nə möhtəşəm azadlıq! Bu nə möhtəşəm bilməməklik! Bu nə möhtəşəm beyin bərabərliyi!
Biz burada ağzı bir, sözü bir kütlələr yaratıq, real həyatdakı oturaq həyat tənhalığından imtina etdik, virtual dünyanın ilk köçəri tayfalarına çevrildik. Özünü bölüb soxulcan kimi çoxaldaraq, yalnız özündən ibarət bir qrup, hətta bir millət yaradanlarımız da var burada. Biz virtual dünyada bilməyənlərin ilk sürülərini yaratdıq. Virtual sürüləşmə bizə real təklənməni unutdurdu. Sürü halında hərəkət ibtidai instinktlərimizi oyatdı, ilk qəbilə başçılarımızı, şamanlarımızı, qurbanlarımızı yaratdıq. Bizi instinktiv həzzlərimizdən məhrum edən hər şeyimizi yaşadığımız dünyada buraxıb gəldik. Biz burda söydük, soyunduq, cütləşdik, eyni zamanda hər şey haqqında müftə fikir sahibi olan kütlələrə çevrildik.
Yaşadığımız dünyada bizə savadsız deyirdilər, biz burada, sosial şəbəkələrdə ağıl dəryalarına çevrildik. Bilgisizliyin tribunasını qurduq, bilginin özünə isə eynən real dünyada bizə etdiklərini etdik. Bilgini aşağıladıq, gözümçıxdıya saldıq, abrını ətəyinə bükdük. Hər şeyi bildiyi üçün sinifdən qovduq, necə ki o, həmişə bizi heç nəyi bilmədiyimiz üçün sinifdən qovurdu. Ona cəhalətin gücünü göstərdik. Sosial şəbəkəlilər deyə ictimai bir sinif formalaşdırdıq, onlar nə kommunistdirlər, nə millətçi, nə liberaldırlar, nə puritan. Onların nə siyasi, nə milli, nə dini kimlikləri var. Onlar universaldırlar.
Sıralarımız günbəgün genişləndi: öz şairlərimizi yaratdıq, öz liderlərimizi yaratdıq, ən biməyənimizi populyarlaşdırdıq. Real dünyada bizə əzab verən nə vardısa hamısını cəzalandırdıq. İlk dəfə bizdən qorxmağa başladılar, çünki biz çox idik və yerimiz bəlli deyildi.
Axşam üç uşaq anası olan bir qadını soyundururduq ki, niyə qapanmısan, sən azad qadınsan, səhər doğmaq fikri olmayan müğənni qadını soyunduğu üçün bişirib yeyirdik ki, bu nə azadlıqbazlıqdır. Burada külli-ixtiyar sahibiyik! Hər kəs sahibi-zamandır!
Real dünyada biz aciz kütlə idik, bizi idarə etmək asan idi, burda isə azğın sürüyə çevrildik. Daimi məskunluğu olmayan müdhiş sürüyə. Orada biz təklərin arxasınca lökküyürdük, burada biz təkləri öz arxamızca gəlməyə məcbur etdik. Orada cümlə qurmağa qorxurduq, burda biz yazıçı elan edildik. Bu, bizim dünya idi; bilməyənlərin dünyası. Biz orada düşünüb qərar verməkdən təngə gəlmişdik, burada ani reflekslərimiz bizə yetdi.
Alt dünyada ikinci azadlığımızın adı özümüzə lazım olan bilgiləri, informasiyaları özümüzün yaratmağımızdır. Bizim daha yaşadığımız dünyanın bilgilərinə, informasiyalarına ehtiyacımız yoxdur. Biz artıq özümüz xəbər mənbəyiyik, informasiya istehsalçısıyıq. İndi oradakılar, yəni üst dünya ilə alt dünya arasında ortalıqda qalan həqiqi, zavallı insanlar bizim yaratdığımız xəbərlərə, məlumatlara inanıb həyatlarına çəki-düzən verirlər. Oradakı prezidentlər belə bizim istehsal etdiyimiz məlumatlara, paylaşdığımız görüntülərə görə seçilir, ya da hakimiyyətdən gedir.
Ən güclü ölkənin prezidentini belə - Trampı deyir – biz öz uydurma informasiyalarımızın gücü ilə seçdirdik. Sizin bizi görmək imkanlarınız çox məhduddur, amma biz sizin hər titrəyişinizi hiss edirik. Çünki bu torun sahibi olan hörümçəklər bizik, siz bu torda çapalayan cücüdən başqa bir şey deyilsiniz. İstəsəniz belə, bizi tanıya bilməzsiniz, çünki biz özümüz deyilik, özümüzün özümüzə lazım olan şəkliyik; vəziyyətə uyğun yerini, formasını, fikrini dəyişən şəkli. Amöb kimi. Sizin oradakı qorxularınız bizim burada əyləncələrimizdir. Sizin dünya artıq ölməkdən başqa heç bir işə yaramır. Biz isə burda ölməzlik səltənəti yaradırıq. Bizim dünyada daha heç kim ölməyəcək, özü-özünü yenidən yarada biləcək. Yaxınlarda əkmək üçün kişilərə, doğmaq üçün qadınlara da ehtiyacımız olmayacaq. Biz burada öz aramızda sizin haqqınızda belə deyirik: “Allahınız sizə rəhmət eləsin, Ölülər!”