Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının dördüncü gününə yekun vurulub.
Oxu.Az-ın məlumatına görə, bu gün 100-dən çox tədbir keçirilib, müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.
Günün ilk sessiyasında "Qeyri-rəsmi yaşayış məskənlərinin və gecəqondu ərazilərinin transformasiyası: dünya əhalisinin mənzil təminatı naminə" adlı tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, işğal dövründə əhalinin kütləvi şəkildə didərgin düşməsi ölkə üçün ciddi çağırışlar yaratdı.
Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniyanın Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.
Bundan başqa, qurumun sədri Anar Quliyev bildirib ki, bir çox yaşayış binaları seysmik standartlar tətbiq edilməzdən əvvəl tikilib.
"Su mərkəzli ərazi inkişafı: Azərbaycan, Kolumbiya və Latın Amerikasının dayanıqlı və inklüziv yaşayış mühiti təcrübəsi" adlı tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov bildirib ki, Azərbaycanda su təchizatı və kanalizasiya sistemində görülməli işlər çoxdur.
Həmçinin "Parlamentarilərin Dəyirmi Masası: Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?" adlı tədbir keçirilib.
Proqrama əsasən, WUF13-də medianın insanların şəhərlərə transformasiyasında rolundan danışılıb.
Forum çərçivəsində Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat - Bakı Şəhərsalma Mükafatını ("Baku Urban Award") təsis ediblər.
Xatırladaq ki, işinə mayın 17-də başlayan forumun mayın 18-də rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.