Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xalq artisti Ramiz Məlik dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
Mərhum Xalq artisti Ramiz Məlik dəfn olunub.
Oxu.Az xəbər verir ki, mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
13:37
Mərhum Xalq artisti Ramiz Məliklə vida mərasimi bitdi.
Oxu.Az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
12:51
Mərhum Xalq artisti Ramiz Məlik ilə Heydər Məscidində vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
10:41
Xalq artisti Ramiz Məliklə vida mərasimi yaxınlarının istəyi ilə bu gün Heydər Məscidində baş tutacaq.
Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Vida mərasimi saat 13:00-da başlayacaq.
Bildirilib ki, Xalq artisti vida mərasimindən sonra İkinci Fəxri xiyabanda dəfn olunacaq.
08:50
Xalq artisti, tanınmış aktyor Ramiz Məlik vəfat edib.
Onun ölümü ilə bağlı yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilib ki, Xalq artisti səhər saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin “Yastı təpə” (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın “Yad adam” (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının “Şərqin şəhəri” (Bəhruz), Əlibala Hacızadənin “İnanmırsansa…”(Adil) , Nəriman Həsənzadənin “Kimin sualı var?” (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.
O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Rəylər