"12.09.2025-ci il tarixində Bakıda sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan 9 nəfər (7 kişi, 2 qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yaralılara bədənin müxtəlif dərəcəli xəsarətləri, sınıq və çıxıq diaqnozları qoyulub. Onlara zəruri tibbi yardım göstərildikdən sonra instrumental-diaqnostik müayinələr aparılıb.
Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Bakıda 170 nömrəli avtobusun qəzaya düşməsi nəticəsində 9 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, daşıyıcı şirkətdən "Trend"ə verilən məlumata görə, ilkin araşdırma avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması nəticəsində qəzanın baş verdiyini göstərir.
Avtobus saatda 25-30 km sürətlə hərəkətdə olarkən qarşısında manevr edən minik avtomobili qəfil əyləci basıb. Toqquşmadan yayınmaq üçün sürücü avtobusu sağa tərəf yönəldib və nəticədə, nəqliyyat vasitəsi beton bardürə çırpılıb.
Hadisə zamanı avtobus salonundakı bir neçə sərnişin yıxılaraq yüngül xəsarət alıb. Onlara yerindəcə tibbi yardım göstərilib.
Həmin görüntüləri təqdim edirik: